Sabah Nurlan İbrahimovun məsələsinə baxılacaq – “Bu, hüquqi deyil, siyasi cəzadır”

Sabah İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Bakı vaxtı ilə saat 11:30-da start götürəcək məhkəmədə İbrahimovun vəkili Fərid Haqverdiyev olacaq.

Nurlan İbrahimov məsələylə bağlı Komanda.az-a açıqlama verib. İbrahimov, ona verilən cəzanın hüquqi deyil, siyasi olduğunu bildirib:

“Bir il əvvəl məlum məsələdən sonra bizə şikayət hüququ verilmədi. Ancaq biz mütəmadi olaraq hüququmuzu qorumaqda davam etdik. Sonda CAS bizə şikayət hüququ verdi. Hamıya məlumdur ki, məlum lobbinin basqısı nəticəsində yaranmış bir durum idi. Lakin sonda CAS bizə şikayət hüququ verdi.

Cəzanın həddindən artıq ağır olması aydın məsələdir. Bu, əslində hüquqi deyil, siyasi cəzadır. Bunu hamı bilirdi və əngəlləməyə çalışırdılar ki, məhkəmə olmasın. CAS müstəqil qurumdur və qərar verdi ki, məhkəmə olsun. UEFA böyük qurumdur və geniş heyətlə gəliblər. Sabah Bakı vaxtı ilə saat 11:30-da məhkəmə olacaq”.

Nurlan İbrahimov Vətən müharibəsi zamanı “feysbuk” səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov bu il yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button