İddia: “Fənərbaxça” superkubok matçının dayandırılmasına çalışacaq
Türkiyə futbolu son vaxtlar təlatümlüdür. “Fənərbaxça” “Trabzonspor” azarkeşlərinin futbolçularına hücumundan sonra başqa ölkənin liqasına keçməyi ciddi şəkildə düşünür.
Komanda.az “Ajansspor”-a istinadən xəbər verir ki, “bülbüllər” “Qalatasaray”la superkubok matçının yarımçıq dayandırılmasına çalışacaq.
Belə ki, “Fənərbaxça”nın U-19 gənclər komandası da daxil olmaqla, 9 futbolçunu meydana çıxarmağı planlaşdırdığı iddia edilir. Daha sonra üç futbolçu zədə adı altında meydanı tərk edəcək və oyun yarımçıq qalacaq. Futbol qaydalarına görə, komandalardan birində yeddidən az oyunçu qalsa, matç davam etdirilə bilməz.
Bu arada, ötən gün məlum olub ki, “Fənərbaxça” ultimatum verib: aprelin 7-də “Qalatasaray”la keçiriləcək superkubok matçını əcnəbi hakim idarə etməlidir.
Martın 19-da “Fənərbaxça”nın mətbuat xidməti klubun ölkə çempionatından çıxma ehtimalı məsələsinə baxacağını bildirib. Aprelin 2-də məlum olub ki, rəhbərlik çempionatı tərk etmək məsələsini təxirə salıb.
Bizi Facebook-da izləyin