İbrahimoviçi baxışa çağıran “Arsenal”, vulkanın Almaniyaya atdığı Levandovski Yazı+Fotolar

Hər il yüzlərlə, minlərlə futbolçu transferləri baş tutur. Amma futbol tarixində elə futbolçular da var ki, onların bir klubdan digərinə keçidi qeyri-adi səbəblərdən reallaşmayıb.

Komanda.az sizə məhz qeyri-adi, qəribə səbəblər üzündən baş tutmayan transfer əhvalatlarını təqdim edir:

Ali Sissoko

2009-cu ilin yanvarında “Milan” “Portu”nun cinah futbolçusu Sissokonu transfer etmək üçün hərəkətə keçdi. 6 ay əvvəl “Setubal”dan 300 min avroya alınan futbolçu, 15 milyon avroya transfer edilirdi. Tibbi müayinə zamanı futbolçunun dişində problem müəyyən olunduğu üçün “Milan” transfer qiymətini aşağı salmaq istəyir. “Portu” isə İtaliya klubunun bu təklifini rədd edir və transfer gerçəkləşmir.

Julio Rey

Portuqaliyalı futbolçu Rey, “Fabre”dən “Deportivo”ya transfer olmaq üzrə idi. Amma bir “Deportivo” azarkeşi onun 2012-ci ildə “tvitter” hesabından İspaniya klubunun ünvanına yazdığı söyüşləri və təhqirləri ortaya çıxardı. Bununla da, bu transfer baş tutmadı.

Fabio Borini

“Liverpul”un İtaliyadan transfer etdiyi, amma istədiyi oyunu ala bilmədiyi Borini “Sanderlend”ə transfer olunacaqdı. Amma Borini “Sanderlend”ə görə çox yaxşı futbolçu olduğunu deyərək, bu təklifi rədd edir. Bir il sonra isə bu kluba transfer olunmağından məmnunluq duyur.

David de Xea

“Mançester Yunayted”in qapıçısı David de Xea “Real”a transfer olunurdu. Hər şey hazır idi, amma FİFA sisteminə transfer sənədləri gec daxil olduğu üçün bu keçid baş tutmur.

Matt Li Tissier

“Sauthempton”un əfsanəvi futbolçusu hesab olunan Li Tissier 1989-cu ildə “Tottenhem”dən təklif alır. Özü də London klubunda oynamaq istəyirdi və bu təklifi qəbul etməyə hazırlaşırdı. Amma nişanlısı Sauthemptondan ayrılaraq, Londona getmək istəmədiyi üçün bu transfer baş tutmur.

Kevin Qrossqroyts

“Qalatasaray” “Borussiya”nın (Dortmund) futbolçusu Kevin üçün bütün danışıqları tamamlamışdı. Futbolçu Türkiyəyə gəldi, azarkeşlər onu qarşıladı. Almaniya klubu futbolçunun bütün sənədlərini düzgün şəkildə FİFA sisteminə daxil etsə də, “Qalatasaray” müqavilə əvəzinə boş səhifələr yüklədi. Səhv edən “cim-bom” bu transferin qeydə alınması üçün FİFA-ya müraciət etsə də, ali futbol qurumu bu istəyi rədd edir.

Roy Kin

1993-cü ildə “Nottingem Forest” forması geyinən irlandiyalı yarımmüdafiəçi Roy Kin, “Blekbörn”ə transfer olunurdu. Bu transferin baş tutmamasının səbəbkarı isə “Mançester Yunayted”in baş məşqçisi olur. Futbolçuya zəng edən Aleks Ferqyuson, onu evinə dəvət edir və transfer imzasını da ələ keçirir.

Erik Kantona

Kantona 1992-ci ildə “Nim”dən “Şeffild Yunayted”ə transfer olunmaq üzrə idi. Klubun baş məşqçisi Trevor Françis onu bir həftə sınamaq istədiyni bildirdi. O isə bu təklifdən imtina edib, “Lids”lə müqavilə bağlayır. Erik bu hadisədən 3 ay sonra “Lids”lə birlikdə liqa çempionluğunu qazanır.

Robert Levandovski

Hazırda “Bavariya”nın şərəfini qoruyan Levandoski 2010-cu ildə “Lex”dən (Poznan) “Blekbörn”ə transfer olunarkən, İslandiyada vulkan partlayır və bütün təyyarə uçuşları ləğv olunur. Levandovski İngiltərəyə transfer olunmağı gözləyərkən, ortaya girən “Borussiya” (Dortmund) polşalı futbolçunu transfer edir.

Lorik Remi

2015-2016-cı il mövsümünün qış transfer pəncərəsi dövründə “Lester” “Çelsi” ilə Remini icarəyə götürmək üçün razılıq əldə etmişdi. Fransanın Lion şəhərində olan Remini tibbi müayinə üçün İngiltərəyə aparacaq təyyarə reysi güclü külək səbəbi ilə ləğv olunur. “Lester” Remi üçün Liona helikopter göndərmək istəsə də, külək buna da mane olur və bu transfer həyata keçmir.

Neymar

2013-cü ildə “Santos”da forma geyinərkən, xüsusi hazırlanmış butslarını palçıqlı İngiltərə stadionlarında göstərə bilməyəcəyi üçün “Dumanlı Albion” klublarından gələn təklifləri rədd edir. Bunu biz yazmırıq, İngiltərənin “Telegraf” nəşri iddia edib.

Roberto Soriano

Sorianonun da baş tutmayan transferinin səbəbi David de Xea ilə oxşarlıq təşkil edir. “Napoli” 24 yaşlı yarımmüdafiəçi üçün “Sampdoriya”ya 13,5 milyon avro+Zuniqanı təklif edir və bu təklif qəbul olunur. Soriano isə imic haqları ilə bağlı məsələdə tərslik göstərir. Transferin son günündə bu məsələlərin həll olması çox vaxt aparır. Razılıq əldə olunanda 40 səhifəlik müqavilə nüsxəsi FİFA sisteminə vaxtında yüklənmir və transfer ləğv olunur.

Zlatan İbrahimoviç

2000-ci ildə “Malmö”də forma geyinərkən “Arsenal”dan transfer təklifi alan İbrahimoviç, “əvvəlcə sınayacağıq” sözünü eşitdikdən sonra bu keçiddən imtina edir. Özü isə bu hadisəni belə şərh edir: “Arsenal” mənə məşhur qırmızı formanı verəndə, orda adımla birlikdə 9 nömrənin əks olunduğunu gördüm. Bu, mənim üçün fantastik bir an idi. “Arsenal” möhtəşəm bir klub idi. Bu kluba transfer olunmağım üçün məni razı salmağa çalışacaqlarını gözləyirdim, amma onlar “sınayacağıq” dedilər. Qulaqlarıma inana bilmirdim və təklifi rədd etdim”.

Emmanuel Adebayor

“Tottenhem”in “özünə klub tap” mesajından sonra “Aston Villa”dan təklif alan Adebayorun cavabı, “Tanrıdan soruşmağım lazımdır” olur. Bir neçə gün sonra isə Londonda qalmağa qərar verir.

Çupo-Motinq

2011-ci ildə “Hamburq”un şərəfini qoruyarkən, “Köln”dən təklif alır və qəbul edir. Transfer dövrünün son günündə keçidin rəsmiləşməsi üçün təkcə Almaniya Futbol Federasiyasına göndərilməsi lazım olan sənədlər qalmışdı. Klubun ofisindən faks vasitəsilə göndəriləcək bu sənədlər federasiyaya vaxtında çatmır. Faks aparatının xarab olması səbəbi ilə sənədlər 13 dəqiqə gec göndərilir və transfer ləğv olunur.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button