“Hər şeyə görə mən məsuliyyət daşıyıram” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 37-ci turunun “Nottingem Forest”lə qarşılaşmasını (0:1) dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, hər şeyə görə məsuliyyət daşıdığını bildirib:

“Mançester Siti”ni çempionluq münasibətilə təbrik edirəm. Bizim üçün kədərli gündür. Reallıqla üz-üzə gəlmək lazımdır: qol buraxdıq və rəqibə müqavimət göstərə bilmədik. Azı üç saat da oynaya bilərdik, amma yenə də alınmayacaqdı. Hər şeyə görə mən məsuliyyət daşıyıram. İşlər qaydasında gedəndə bütün hər şey əla olur, qaydasında getməyəndə isə… İdman belədir.

Son vaxtlar buraxdığımız qollar bizə çox baha başa gəlib, lakin günahı yalnız bir nəfərin üzərinə atmaq olmaz. Bütün komanda yaxşı çıxış etməlidir. Son həftələr bunu görə bilmədim. İnanın ki, çox kədərliyik. Qalib adına sahib olmaq üçün 11 ay çalışdıq, zirvədə qərarlaşdıq, mübarizəni qəti dayandırmadıq. Amma bu, kifayət etmədi. Oyunçuları ruhlandırmaq üçün əlavə nələrsə tapmaq lazımdır. Başqa yolum yoxdur. Qarşıda bizi çətin həftə gözləyir”.

“Topçular”ın “Nottingem Forest”ə uduzması ilə “Mançester Siti”nin çempionluğu rəsmiləşib. Pep Qvardiolanın komandası ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.

“Şəhərlilər” kuboka “Çelsi” ilə keçiriləcək son ev matçından sonra sahib olacaq. Həmin matç bu gün, saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button