“Hər şey məndən asılı olsaydı, Moskvaya getməzdik” – Müsahibə
Polşa Futbol İttifaqı (PZPN) FİFA-ya müraciət edib. Qurum Rusiya millisinə qarşı keçiriləcək dünya çempionatının pley-off mərhələsinin oyununun təşkili ilə bağlı məsələlərə aydınlıq gətirilməsini istəyir. Polşa Futbol İttifaqı Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımasından sonra bu addımı atıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Polşanın idman naziri Kamil Bortniçuk milli komandanın Moskvaya – Rusiya ilə oyuna getməməli olduğunu bildirib:
- Ukraynanın şərq sərhədində baş verən hadisələr fonunda Polşa millisi Rusiya yığması ilə pley-off oyunu üçün Moskvaya getməlidir?
- Hər şey məndən asılı olsaydı, Moskvaya getməzdik.
- Niyə?
- Çünki mən inanıram ki, Avropa komandasının – Polşa millisinin Rusiyada keçiriləcək oyunda iştirakından Vladimir Putin (Rusiya prezidenti) rejimi təbliğat üçün istifadə edəcək. Eyni zamanda, yaxşı bilirəm ki, bu oyundan imtina azarkeşlərimiz üçün ağrılı olacaq. Çünki milli komanda yəqin ki, texniki məğlubiyyətlə cəzalandırılacaq.
Rusiya – Polşa matçı martın 24-də Moskvadakı “Dinamo” Mərkəzi Stadionunda keçirilməlidir. Bu görüşün qalibi finalda İsveç – Çexiya cütünün güclüsü ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin