“Hər kəs “Qarabağ”ın mahiyyətini görməlidir” – Bədavi Hüseynov
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Bakıda Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, sabahkı matçda baxımlı futbol üçün əllərindən gələni edəcəklərini bildirib:
“Bayer” Avropanın ən güclü komandalarından biridir. Daha çox güc sərf etməliyik”.
Hüseynov, Portuqaliya təmsilçisi “Braqa” ilə əvvəlki mərhələdəki qarşılaşmanı xatırlayıb:
“Sonuncu qoldakı ötürmə bir anda verilən qərar idi. Nəriman Axundzadənin boş olduğunu gördüm. Şükürlər olsun ki, hakim matçı dayandırmadı. Bu, komandamızın qələbəsidir”.
Hüseynov kollektivdə ab-havanın yaxşı olduğunu vurğulayıb:
“Klub üçün çəkilən film mənim xoşuma gəldi. Hər kəs “Qarabağ”ın mahiyyətini görməlidir. Bu, oyunçulara yaxşı motivasiya verdi”.
Bədavi Hüseynov Julio Romao və Elvin Cəfərquliyevin cəzalı olmasına da toxunub:
“Komandamızın futbolçularının keyfiyyəti yüksəkdir. Onları yaxşı əvəz edəcəklər və bacarıqlarını göstərməyə çalışacaqlar”.
Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.
Akif Əhmədov
Bizi Facebook-da izləyin