Xarici futbolçular Azərbaycana niyə “sonuncu variant” gözüylə baxırlar? SORĞU
Son zamanlar ölkə futbolunda əsas problemlərdən və müzakirə mövzularından biri yaxşı səviyyədə olan xarici futbolçuların Azərbaycana gəlmək istəməməsidir.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçilərinin baş məşqçiləri verdikləri açıqlamalarda, xarici futbolçu tapsalar da, onları Azərbaycana gəlməyə razı sala bilmədiklərini xüsusi vurğulayırlar. Onlar bu səbəbdən transferlərin ləngiməsindən, heyəti istədikləri kimi qura bilməmələrindən şikayətlənirlər.
Bəs nə üçün normal səviyyədə xarici futbolçular Azərbaycana gəlmək istəmir? Bu sualla futbol adamlarına müraciət etdik:
Tural Əsgərov, (menecer)
“Vallah, bu suala rahat cavab verə bilməyəcəm. “Xarici futbolçular bura gəlmək istəmir” demək, düzgün deyil. Çünki demək olar ki, bütün klublarımızda legionerlər var. Hətta legioner götürmədiyi deyilən “Sumqayıt”da da əcnəbi futbolçular var. Məşqçilərin narazılığı daha yüksək səviyyəli legionerlərin gəlməməsindən yanadır. Yaxşı səviyyəli legioner də bura gəlmir. Bu da prinsipcə normaldır. Azərbaycanlı futbolçular da burdan daha yaxşı səviyyədə olan Polşa, Çexiya və başqa ölkə çempionatlarına üz tutmaq istəyirlər. Skautlara böyük iş düşür burada. Loru dildə desək, sənə gəlmək istəyəni tapmalısan.
Bu məsələdə biz polşalı, macarıstanlı, çexiyalı, hətta kiprli rəqiblərimizdən geri qalırıq. Bu ölkələrə getmək istəyən futbolçular Azərbaycana gəlmək istəyənlərdən çoxdur. Bu da skautların işini çətinləşdirir”.
İlkin Vaqifoğlu, (“sportinfo.az”)
“Əslində, bu, son bir neçə ilin problemidir. Xüsusən, 2016-ci ildən sonranın. İşin çətinliyinə baxın ki, 7 ildir Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” belə, problemin ciddiliyindən şikayət edir. Bunun da bir neçə səbəbi var.
Əvvəla, Azərbaycanda klub sayı azdır. Əcnəbi araşdırır və öz-özünə fikirləşir ki, burda cəmi 8 klub var, mən hara gedirəm? Çempionatımız onlara rəqabət baxımından maraqlı gəlmir və perspektiv görmür. Təbii ki, mən yaşı 30-u haqlamayan, Avropanın qabaqcıl futbol ölkələrinin əsas liqalarının ortabab və autsayder klublarının futbolçularından danışıram. Hansı ki, Premyer Liqamızı gücləndirə bilərlər. Azərbaycanda onlara müştəri düşə biləcək neçə klub var? “Qarabağ”, bir də “Neftçi”. Hamı “Sabah”dan danışır, amma bu klubun dillərdə dolaşdığı qədər geniş imkanları yoxdur. “Sabah” bir transferə illik 350-400 min dollar xərcləmək gücündə deyil. Mən hələ başqalarını demirəm. Premyer Liqanın digər təmsilçiləri hansısa legionerə illik 40-120 min dollar aralığında ödəmə edə bilər. Bu da elə də böyük məbləğ deyil. Həmin pula bura gələn legionerin səviyyəsi nə olacaq? Onların da böyük əksəriyyəti Azərbaycana “çörəkpulu” arxasınca gəlirlər. Bizim klublar bu əcnəbiləri sırf say düzəltmək üçün sıralarına qatır. Ölkədə yerli futbolçu qıtlığı var və bu, ildən-ilə daha qabarıq şəkildə özünü göstərir. Yaş limiti olmasa, düşünürəm ki, ümumiyyətlə, əksər Premyer Liqa təmsilçiləri yerli gənclərin xidmətindən istifadə etməz. Ayda 2000-3000 dollar qazanmaq üçün Azərbaycana gəlməyə razılıq verən legionerlə müqavilə imzalayan klublar, təbii ki, uzağa gedə bilməz.
Legionerlərin gəlməməsindən ən çox şikayət edənlər kimlərdir? “Qarabağ” və “Neftçi”. Halbuki legionerlərə ən çox pul təklif edən də onlardır. İllik təqribən 400-500 min dollar ödəməyə gücləri çatır. Bu pulu da İspaniya və Fransanın ikinci liqasından, bir də Portuqaliyanın əsas çempionatının autsayder klublarından kiməsə təklif etmək mümkündür. Baxmayaraq ki, o çempionatlarda çıxış edən 70-80 faiz futbolçunun illik qazancı heç 100 min avronu keçmir. İldə 200 min avro qazanan futbolçuların sayı ümumiyyətlə azdır. Bununla belə, Azərbaycanın adı gələndə ağız büzürlər. Çünki ölkəmizin futbol reytinqi də aşağıdır, bura “dünyanın sonu” kimi yanaşırlar. Həm də ki, Azərbaycan klublarının təklif etdiyi pulu Avropanın başqa ölkələrində də qazana bilərlər. Mən hələ Türkiyənin birinci liqasını, Qazaxıstanı, ərəb ölkələrini demirəm. Onlar “Neftçi” və “Qarabağ”dan daha yaxşı maliyyə şərtləri irəli sürürlər. Yəni ki, nisbətən səviyyəli legionerin seçim imkanı çoxdur və bu illər ərzində Azərbaycana “sonuncu variant” gözü ilə baxırlar”.
Səxavət Qurbanov, (“idmanxeber.az”)
“İlk öncə burdan təklif alan futbolçular çempionatın səviyyəsini nəzərdən keçirirlər. Əsas məsələrdən, problemlərdən biri çempionatdakı komanda sayıdır. “Bakı birinciliyi” hər hansı perspektiv vəd edən futbolçu üçün tramplin rolunu oynaya bilməz. Digər bir məsələ, süni əngəllərin yaradılmasıdır. Misal üçün, Avropada hansısa klub futbolçu satışından həm prestij, həm də pul qazanır. Lakin bizim klublar bundan fərqli olaraq, yalnız pulu seçir. Və ya satmaq fikri olmur və beləcə, süni əngəllər yaratmağa başlayırlar. Azərbaycan klubları Avropa arenasında uğur qazandıqdan sonra legionerlər göndərilən təklifləri müsbət cavablanda bilərlər. Bu yük təkcə “Qarabağ”in üzərinə düşür. Bizim liqadan digər hansısa klub bir neçə il ard-arda avrokubokların qruplarında oynasa, o zaman bizdən gələn təklifləri ilk öncə dəyərləndirərlər”.
Saleh Arslan (“korner.az”)
“Bunun bir neçə səbəbi var. Ancaq ən önəmli səbəbi Azərbaycanda futbol adına perspektivin olmamasıdır. Gələcəyini düşünən futbolçu üçün 8 komandalı – hansı ki 95 faizi bir əldən maliyyələşir – çempionat niyə maraqlı olmalıdır ki? Klub təkcə bir stadion, bir bina deyil. Klub institutu formalaşmayıb, illərdir deyirik. Azərbaycanda klub anlayışı yoxdur, üç-beş nəfərin çiynində duran komanda anlayışı var. Ona görə də, son illərdə klublarımıza o əcnəbi futbolçular gəlirlər ki, karyeralarının qürub çağında da pul qazanmaq istəyirlər”.
Füzuli Məmmədov, (“Neftçi”nin keçmiş baş məşqçisi)
“Səviyyəli legionerlər yaxşı pul müqabilində belə, Azərbaycana gəlmək istəmirlər. Xüsusilə, cavan futbolçular Azərbaycana deyil, Avropaya getmək istəyirlər. Həqiqətən, indiki vaxtda transfer etmək çətin olur. Ya çox pul istəyirlər, ya da heç gəlmək istəmirlər”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin