“Neftçi”nin keçmiş qapıçısı: “Məncə, “Qarabağ” ən azı məğlub olmayacaq”
“Qarabağ” sabah UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin əsas qapıçısı Şahruddin Məhəmmədəliyev zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədov Komanda.az-a açıqlamasında oyundan gözləntilərini bölüşüb:
“Oyun maraqlı olacaq. Hər iki komanda sərfəli nəticə əldə etmək istəyəcək. Buna baxmayaraq, “Qarabağ” həmişə öz meydanında yaxşı oyun sərgiləyir. Mən inanıram ki, Ağdam təmsilçisi bu oyunda qələbəyə sevinəcək. Doğrudur, heyətdə müəyyən çatışmazlıqlar var. Lakin “Qarabağ” görüşü lazımi səviyyədə keçirə bilər. Öncədən də qeyd etdim: “Qarabağ” həmişə ev oyunlarını yüksək səviyyədə keçirir. Azarkeş amili də şərtdir. Qapıçı Şahruddin Məhəmmədəliyevin oynamaması öz təsirini göstərəcək. Buna baxmayaraq, məncə, “Qarabağ” ən azı məğlub olmayacaq”.
“Neftçi”nin keçmiş qapıçısı “Şahruddin Məhəmmədəliyevin yoxluğunda “Qarabağ”da qapıda kim dayansa, daha yaxşı olar: Luka Quqeşaşvili, yoxsa Amin Ramazanov” sualını belə cavablandırıb:
“Bu sualı cavablandırmaq mənim üçün bir az çətindir. Məncə, baş məşqçi Qurban Qurbanov daha yaxşı seçim edəcək. O, hər iki qapıçıya güvənə bilər. Qurban müəllim məşqçi kimi özünü sübut edib. O, belə oyunlarda daha düzgün qərarlar verir. Amin daha gəncdir, Luka isə ən azından təcrübəlidir. Yaş faktoru, oyun praktikası da mühüm məqamlardır. Çox güman ki, yüzdə yüz Qurban müəllimin şəxsi seçimi daha effektiv olacaq. Aminin ard-arda iki oyunda əsas heyət oyunçusu kimi meydana çıxmasını əsas tutub, onun qapıda olacağını deməyimiz düzgün olmaz. Baş məşqçi kimə etibar etmək lazımdırsa, ona da güvənəcək”.
Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin