Hünər mövsümü
Vüsal “Aydın” Qəmbərov
“Prezident tərəfindən serial sahəsinin inkişafına 6 milyon manat ayrılmışdı. Nəticəsi nə oldu? Basıb yedilər”…
Gündəmimizi zəlzələ dəyişdirənə qədər Azərbaycan internet məkanının ən populyar mövzusu olan “Əqrəb mövsümü” filminin Kənan Orucovu, möhtəşəm aktyor Hikmət Rəhimov bu sözləri İTV-də qonaq olduğu “Dikdaban” verilişində demişdi. Hələ adı da qəribə uzun olan qurum sonra çıxıb guya açıqlama yayımladı. Təxminən belə bir məna çıxd: “Müvafiq şəkildə paylaşdırıb yemişik, bir adam yeməyib”.
İndi eyni cümləni futbolumuza adaptə edək: “Prezident tərəfindən futbolun inkişafına 1 milyard manat ayrılmışdı. Nə oldu? Heç nə. Basıb yedilər”.
Düzdür, bu dəfə bu, bir dəfəyə olmadı. 10 il müddətində, özü də bir yox, onlarla “quzğun” daraşdı və yedi. Nəticə etibarilə yenə FİFA reytinqində Mavritaniya ilə qonşu yığmamız var və “Qarabağ” olmasa, Andorrayla qırğın mübarizə içində olası çempionatımız olacaqdı. “Qarabağ” olmasaydı” deyirəm, çünkü həmin o bir milyarddan “Qarabağ”a az qala qəpik də düşməyib.
Bu günlərdə xəbər lentimizə bir xəbər daha düşdü. Normal bir xəbərə bənzəsə də, məncə, Azərbaycan futbolunun çöhrəsini dəyişdirə biləcək və dəyişən reallıqlarla məntiqi uyğunluğa sahib olan bir xəbərdir. AFFA-nın keçmiş yüksək çinli idarəçilərindən olan dostum Tural Piriyevin FİF-i (Futbolun İnkişaf Fondu) nəhayət, ölkənin hörmətəlayiq şirkətlərindən birini “Turan Tovuz”a sponsor olmağa razı sala bilib. “Huner Group” adını yəqin ki, azarkeşlərin əksəri elə bu günlərdə öyrəndi. Amma Ehtiram Quliyevin şirkəti bir müddətdir ki, inkişafı ilə göz qamaşdırır. Bürokratiya ilə əlaqəsi olmayan, sadə xalq adamı bir biznesmenin qurduğu şirkət.
Azərbaycan gerçəklikləri bizi ancaq məmurların böyük biznesə sahib ola biləcəyi kimi yanılğıya salsa da, biz də ölkə olaraq hamının keçdiyi yolu keçdik və gördük ki, belə bizneslərin axırı yoxdur. Yoxdur da, qardaş! Sən xalqın pulu ilə nə qədər şirkət qursan da, əvvəl-axır biznesi biznesmen etməlidir. Hətta bizim dildəki “sahibkar” sözünü mən qüsurlu sayıram. Sahibkarın əsas özəlliyi sahib olmaq deyil, cəsarət göstərmək və risk almaq olmalıdır. Tam da türkiyəli qardaşlarımızın dediyi kimi “Girişimcilik”.
Xatirələrimizi canlandıranda bir daha görürük ki, kreslo hesabına biznes sahibi olmuş hamının klubu əvvəl-axır tarixin yaddaşına köçdü. İndi AFFA-nın neft pulları hesabına hansısa klublara himayədarlıq etməsi də nə dayanıqlı, nə faydalı bir şeydir. Amma iş adamlarını futboldan elə küsdürüblər ki, dövlət də əvvəlki kimi təhkim edə bilmir. Nəticədə, “Huner Group” kimi şirkətlər ideallar və biznes hədəflərini birləşdirib, qollarını çırmalayır… və ümid edək və inanaq ki, nəticə yaxşı olacaq.
Amma bunun bir vacib şərti var. İş görməyi yaxşı bacaran, girdiyi layihələrin öhdəsindən gələn şirkət və rəhbərliyi “Turan Tovuz”un “üstündən əlini çəkməməlidir”. Təxmin edirəm ki, belə də olacaq. Şirkət öz idarəetmə üslubunu kluba gətirəcək və yəqin ki, tezliklə “kadr islahatı” adlı proses paylaşacaq. İndiyə qədər bu “Kİ”lərdən ağzımız çox yanıbdır. Ona görə, qatığı da üfürə-üfürə içirik. Amma inanaq… inanırıq…
Yenə tarixə baxanda, bunun sadəcə “Qarabağ”da tam anlamda baş verdiyini görürük və nəticə göz qabağındadır. Elə bilirsiz “Qarabağ” Cahangir müəllimin (Hacıyev) pula pul demədiyi vaxtda çempion olan və elə çempionluq mövsümündə 15 nəfəri yola salıb, 13 yeni transfer edən “İnter”dən çox pul xərcləyir? Ay-hay! Sadəcə o pullar “yeyilirdi”, bu pullar isə faydalı istifadə olunur.
“Turan Tovuz”un bəxtinə düşən zəhmətkeş şirkətdən bir neçə dənəsi daha lazımdır. Ancaq o insanlara bu daşın altına əlini qoyması üçün səbəb və motivasiya da lazımdır. Məsələn, Ehtiram müəllim deyir ki, klubun adı Turan idealını təmsil edir, buna etinasız qala bilməzlərmiş. Tahir Gözəlin “Qarabağ” adı ilə bağlı dediklərini xatırladır, eləmi?
Bəs yaxşı, “Kəpəz”, “Zaqatala”, “Xəzər Lənkəran”? Əslində çox mürəkkəb bir şey yoxdur. Əlində olan milyon yarım dolları Moldovanın hansısa “Dinamo-Avto”suna yatırmaq istəyən biznesmenlərin olduğu ölkədə çox şey etmək olar. O biznesmen ki, heç ilk 1000 varlımız arasında olmaz, təxmin edirəm.
Sadəcə başa düşmək lazımdır ki, artıq ölkədə “Yemək mövsümü” deyil. Hətta “Əqrəb mövsümü” belə… Artıq “Hünər mövsümü”dür… “İşləmək mövsümü”dür…
Bizi Facebook-da izləyin