“Hücumda daha aqressiv olmalı idik” – Füzuli Məmmədov
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, qolsuz bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“İndiki vəziyyətdə futbolçuları psixoloji cəhətdən oyuna kökləmək çətin olur. Bunun üçün əlimizdən gələni etmişdik. Düşünürəm ki, komanda üzvləri onlara verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Rəqibi analiz edib planımızı qurmuşduq. Sadəcə, hücumda bir az kəsərsiz idik, daha aqressiv olmalı idik. Qələbə qazanmaq üçün əlmizdən gələni etdik, amma penaltidən qol buraxıb məğlub da ola bilərdik. Həmin epizodda qapıçımız yaxşı oynadı, onu təbrik edirəm. Artıq qarşıdakı matça hazırlaşacağıq”.
Baş məşqçinin jurnalistlərin suallarına cavabı belə olub: “Taktika rəqibə uyğun qurulmuşdu. Oyun ərzində bizim və rəqibin 100 faizlik qol epizodunu xatırlamıram. Müdafiədə yaxşı oynadıq, amma penalti epizodunu hələ görməmişəm və heç nə deyə bilmərəm. Hazırda hər birimizin, bütün futbolçularımızın fikri, ürəyi cəbhədədir. Şəhidlərimizə görə məyus oluruq, amma cəbhədən gələn hər qələbə xəbərinə görə çox sevinirik. Ümid edirəm, tezliklə qələbə qazanacağıq, hər şey qaydasına düşəcək və biz də fikrimizi tam olaraq oyunlarımıza yönəldəcəyik. Start heyətində hücumameylli futbolçularımız çox idi, üstəlik, ampluaları müdafiəçi olan cinah oyunçularımız da hücumlara qoşulurdular. Sona yaxın hücum xəttini bir az da gücləndirdik, amma qol epizodlarımız az oldu. Çünki rəqib də çox futbolçu ilə müdafiə olunurdu. Emin Mahmudov dünənki məşqdə yüngül zədə aldığı üçün risk edib onu meydana buraxmadıq. Namik ilk dəfə mərkəz hücumçusu kimi oynadı və ondan razı qaldım. Haqlısız, Prins İbara hücum xəttini gücləndirmək üçün böyük ümidlərlə transfer olunub, amma o, xəstəlikdən yeni sağalıb. Məşqlərə başlayıb komanda üçün effektli olamlıdır”.
Bizi Facebook-da izləyin