
“Hücum oyununu fikirləşirik, lakin öz reallığımızı qəbul etmirik” – Ayxan Abbasov
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə Fransa yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, oyun öncəsi öz fikirlərini bölüşüb:
“Sabah son oyunumuzun olduğunu bilirik. Ağır qrupda idik. Səfərdə də ağır oyun oldu bizim üçün. Oyunun sonlarında rəqibin daha çox üstümüzə gələcəyini bilirdik. Çətin rəqibdir, özlərini göstərməyə çalışacaqlar. Dəyişikliklər olacaq. Futbolçularımızın yaxşı mübarizə aparacağına inanırıq. Belə komandayla mübarizə aparmağımız belə, gələcəyimiz üçün yaxşı ola bilər.
Belə baxsaq, bütün komandalar Fransayla oyunda əziyyət çəkir. Lakin İslandiyayla 1-ci və 2-ci oyunlarımızda çox fərq var. Daha əvvəl bir-iki qol epizoduna sevinirdiksə, keçən oyunda 6 qol epizodu yaratdıq. Biz ancaq hücum oyununu fikirləşirik, lakin öz reallığımızı qəbul etmirik. Çalışacağıq ki, sabah da yetərincə hücum edək.
Sol müdafiəçilərin zədələnməsi bizi də çətinə saldı. Gənclərə də yol verməliyik. Onları yalnız görünüş üçün çağırmırıq, inanırıq. Rüfət də, Xəyal da pis təsir bağışlamır. Dəyişikliklər olacaq. Sabah baxacağıq. Şahruddini qapıda görəcəyik.
Bu qrup çox möhkəm qrupdur. Amma inanacağıq. Futbolçularımız da qələbə qazanmaq istəyir. Meydançada kim oynayırsa oynasın, eyni mübarizəni aparacağıq.
Futbolçularımız tam formada olsa, Millətlər Liqasında yaxşı mübarizə apara bilərik. Material var, lakin bu kimi səbəblərə görə tam deyil. Seçimimiz yoxdur. Millimizin potensialı var, lakin tam formada deyilik”.
Nəzrin
Bizi Facebook-da izləyin



