“Hücum futbolu göstərmək istəyirik” – Mahmud Qurbanov

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun alındı. Məğlub olsaq da, komandamın çıxışından razı qaldım. Azlıqda qaldıqdan sonra da qol epizodlarımız oldu. Sadəcə, istifadə edə bilmədik. Meydana qələbə üçün çıxmışdıq. Uduzmaq istəmirdik. Ən azı heç-heçə üçün yaxşı şansımız var idi. Komanda qırmızı vərəqədən sonra da oyundan düşmədi. Daha da aqressiv oynadıq”.

O, heyətin hələ tam komplektləşmədiyini söyləyib: “Optimal “11-liy”imiz yoxdur. Çünki sabit oynamırıq. Bəzi futbolçular bir matçda yaxşı oynadıqdan sonra növbəti qarşılaşmada boşalırlar. Bizdə əsas heyət anlayışı yoxdur. Əlimdəki bütün futbolçulardan istifadə edirəm”.

Qurbanov komandanın kapitanı Rahid Əmirquliyevə az şans verməsinin səbəbini bu cür izah edib: “Bu gün meydana buraxmaq istəyirdim. Amma qırmızı vərəqə planımıza mane oldu. O, bizim kapitanımız, təcrübəli oyunçumuzdur. Tükənməyib, qarşıdakı matçlarda Rahidi yenidən meydanda görəcəyik”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, ötən tur “Sabah”la qolsuz heç-heçə etdikləri görüşdə konsentrasiya daha yaxşı idi: “Bu matçda isə qol epizodları zamanı nəzarəti itirdik. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Əfsuslar olsun ki, diqqətizlikdən asan qollar buraxdıq”.

Baş məşqçi əvəzetmədən meydana daxil olan Tural Bayramlının qırmızı vərəqə almasına da toxunub: “Bu barədə nəsə danışmaq çox çətindir. Onu meydana buraxdıq ki, oyunun axarını dəyişsin, komandaya kömək etsin. Düşünürəm ki, həddindən artıq istəkli və aqressiv olduğu üçün meydandan qovuldu. Söhbətimiz olacaq. Belə halların baş verməsi arzuolunmazdır. Meydanda sonadək 11 nəfərlə oynamaq istəyirik. Turala cəza verib-verməyəcəyimizi bilmirik. Hər şey mümkündür. İkinci sarı vərəqə epizodunda VAR-a da baxmaq olardı. Ümumiyyətlə, oyunda vərəqələr çox oldu”.

Qurbanov daha çox xal toplamaq üçün müdafiədə oturmağa ehtiyac olmadığını vurğulayıb: “Düzdür, “Sabah”dan xal aldığımız matçda müdafiədən oynadıq. Bu gün qələbə qazanmaq istəyirdik. Uşaqlardan əsas tələbimiz açıq futbol idi. Əlbəttə, uduzmaqdansa, müdafiə olunub xal götürmək daha yaxşıdır. Amma biz hücum futbolu göstərmək istəyirik. Qol imkanlarımız da olur. Təəssüf ki, dəyərləndirə bilmirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button