Honda “Neftçi”yə transferindən danışdı

Yaponiyalı futbolçu Keysuke Honda “Neftçi”yə transferindən danışıb.

Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu gün baş tutan təqdimat mərasimindən sonra bunları söyləyib:

“Gözəl təqdimata görə təşəkkür edirəm. Burada olduğum üçün çox xoşbəxtəm. Rəqiblərimiz olduqca güclüdür. Bilirəm ki, asan olmayacaq. “Neftçi” çempion olmaq istəyir, mən də ambisiyalıyam. Ona görə də bura gəldim.

Mən gəlməmişdən əvvəl “Neftçi”nin iki oyuna baxmışam. Komanda müdafiədə yaxşı oynayır. Mən hücumameyilli oyunçuyam. Hücuma kömək etməyə çalışacağam. Komanda uzun müddətdir ki, çempion olmur. Bu il şansımız var. Əlimdən gələni edəcəyəm ki, çempion olaq.

“Neftçi”ni seçməyimin bəzi səbəbləri var. Yanvarda başqa klubdan təklif almışdım. Amma mən Avropada oynamaq istəyirdim. “Neftçi” böyük klubdur. Mənə bu imkanı verdikləri üçün təşəkkür edirəm. Mənə sual verdilər ki, niyə Yaponiyaya qayıtmırsan? Bildirdim ki, orada 3 il oynamışam, artıq mənə maraqlı deyil. Onlara söylədim ki, bu, mənim üçün yeni çağırışırdır. Düzdür, karyeram ərzində çox səhvlər etmişəm. Amma burada onları təkrarlamayacağam.

Bu, mənim üçün yeni səhifədir. Əvvəlcədən nəyəsə zəmanət vermək çətindir. Çox yaxşı formadayam. Digər müsbət məqam odur ki, növbəti matçadək vaxtımız var. Orada komanda yoldaşlarımızı daha yaxşı tanıyacağam.

Gələcəkdə nə olacağını heç kim bilmir. Əvvəlcə mövsüm bitsin. 2 aylıq müqaviləmiz var. Mövsümün sonunda bu barədə danışmaq olar”.

Təqdimat mərasimində iştirak edən klub prezidenti Kamran Quliyev isə bunları söyləyib:

“Honda “Neftçi” haqqında kifayət qədər məlumatlıdır. Azərbaycan futbolu haqqında da bilir. Səhv etmirəmsə, 2012-ci ildə Yaponiya ilə yoldaşlıq görüşü keçirmişik. Həmin matça özüm də baxmışam. Hondanın həmin oyunda qol vurmaq şansı var idi. Lakin onun möhtəşəm cərimə zərbəsini Kamran Ağayev dəf edib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button