Hollandiyanı göz yaşlarına boğan adamın hekayəsi Yazı+Fotolar

Artıq çoxu onu “Tottenhem”in xilaskarı kimi tanıyır. Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Ayaks”a 0:1 hesabı ilə məğlub olan londonlular, cavab matçında onun vurduğu üç qolla mərhələ adlaya bildi. Tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin final matçına yüksələn komandanın qəhrəmanı odur – Lukas Moura.

Moura 1992-ci il, avqustun 13-də Braziliyanın San-Paulo şəhərində dünyaya gəlib. Yaşadığı şəhər cinayətkarlığın və narkotik qruplaşmalarının əsas məkanı hesab edilirdi. Futbolçu olmaq istəyi ilə ölkəsinin “Yuventus” klubunun aşağı yaş qruplarında çıxış etməyə başlayır. Bu addım onu narkotik bataqlığından qurtarır.

Moura uşaqlıq illərindəki ən yaxın dostu ilə

“Yuventus” klubunda təhsili ilə yanaşı, məşqlərini də davam etdirən Lukas, bir müddət sonra çətinlik çəkməyə başlayır. Qət edilən uzun yol, yorğunluq onda öz mənfi təsirini göstərir. Bu səbəblə ailəsi klubdan Lukas üçün qalacaq yer istəsə də, klub bu istəyi geri çevirir. Buna görə, o, “Yuventus”dan ayrılır və “San Paulo” klubunun aşağı yaş komandalarında çıxış etməyə başlayır.

Mouranın qazandığı ilk kubok

Peşəkar futbolçu olana qədər bu klubda çıxış edən Moura, elə ilk peşəkar müqaviləsini də 2010-cu ildə “San Paulo”da imzalayır. Cəmi üç il sonra isə onun Avropa macərası başlayır.

Və daha bir kubok

Moura 2013-cü ilin yanvarında 40 milyon avro müqabilində PSJ-yə transfer olunur. 2013-2018-ci illəri Paris klubunda keçirsə də, bu, onun üçün yaxşı fürsət deyildi. Fransa klubunun heyətində istədiyi oyunu göstərə bilməyən “sambaçı”, 5 il sonra, 2018-ci ilin yanvarında Londonun yolunu tutur. O, 28,5 milyon avro müqabilində “Tottenhem”ə transfer olunur.

Moura və atası

Verdiyi müsahibələrin birində “Mən heç kimlə müqayisə olunmaq istəmirəm, öz tarixim olsun istəyirəm” deyən Moura, keçən mövsümün ikinci yarısında londonluların heyətində 11 oyunda iştirak etsə də, bu mövsüm öz istedadını yaşıl meydanlarda göstərməyə başladı.

Mouranın anası

Komandasının əsas heyət üzvünə çevrilən braziliyalı vinger, cari mövsümdə 47 oyunda iştirak edib.

Dünyaya gələcək övladının sevincini yaşayan Lukas

Hər zaman “başa düşürəm, bacararam” şüarı ilə meydana çıxdığını deyən futbolçu, böyük xarakterə, mübarizə ruhuna sahibdir. Braziliyada “San-Paulonun Lukası” adlandırılan Moura, öz istedadını, müsbət keyfiyyətlərini dünənki oyunda göstərməyi bacardı. Amsterdamı yerlə bir edən bu futbolçu, oyundan sonra sosial şəbəkə hesabından etdiyi paylaşımda “Tanrı yanınızdadırsa, heç bir şey mümkünsüz deyil” mesajını verdi. O, dünənki oyundan sonra istəyini reallaşdıra bildi: artıq onun öz tarixi var.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button