Hidayət Heydərovdan qızıl medal
Mayın 10-da Heydər Əliyev adına İdman Sarayında start götürmüş cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri davam edir.
Komanda.az xəbər verir ki, turnirin ikinci günündə kişilər 73 kq və 81 kq, qadınlar isə 63 kq və 70 kq-da bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) böyük əzmkarlıq nümayiş etdirərək finala qədər irəliləyib. Həlledici mərhələdə də inamlı təsir bağışlayan idmançımız rəqibi, İsrail təmsilçisi Tohar Butbulu məğlub edib və mötəbər turnirin qalibi adını qazanıb. Bu çəkidə çıxış edən Rüstəm Orucov və Telman Vəliyev isə bürünc medala layiq görülüblər.
Digər cüdoçularımız isə mübarizəni erkən dayandırıblar. 63 kiloqram çəkidə çıxış edən Diana Şoronova 1/8 finalda, Nuriyyə Axundova isə 1/16 finalda mübarizəni dayandırıb. Həmçinin Aidə Baxışova ilə Günel Həsənli (hər ikisi 70 kq), eləcə də Rüfət Məmmədov (73 kq) 1/16 finalda uduzublar. 81 kq çəkidə mübarizə aparan Araş Ağaei, Murad Fətiyev 1/8 finalda, Hasil Cəfərov 1/16 finalda, Afiq Səfərli isə 1/32 finalda məğlub olub.
Kişilər arasında Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) və israilli Saqi Muki (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qadınların yarışında isə Yaponiya təmsilçiləri Miku Taşiro (63 kq) və Çizuru Arai (70 kq) eyni uğura imza atıblar.
Qeyd edək ki, nüfuzlu turnir mayın 12-də başa çatacaq.
Bizi Facebook-da izləyin