
Monteneqroda yanan ümid işığı: Bu uşaqlar olacaq Azərbaycan futbolunun sabahı
Fəxri Rüstəmli
Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ayın 20-də hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Yığma meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Gəlin görək, Azərbaycan millisinin gələcəyi bizə nə ümid verir?
Azərbaycan futbolunun ən böyük problemlərindən biri aşağı yaş qruplarında sabit nəticələr qazana bilməməkdir. Bu, illərdir müzakirə olunur və hər kəs yaxşı anlayır ki, güclü əsas milli üçün bünövrə məhz gənclərdən başlanır. U-17 millisinin Monteneqro üzərində qazandığı qələbə isə az da olsa, ümid işığı yandırdı. Bu qələbənin müəllifi isə baş məşqçi Aqil Nəbiyev və onun komandasıdır.
“2021-ci ildə 2005 yaş qrupunun məşqçisi olmuşam. Həmin illərdə pandemiya dönəmində yoxlama görüşləri az oldu. Biz 17 ilə seçmə mərhələ oyunları oynaya bilmədik, dediyim kimi, koronavirus, pandemiya səbəbindən. Sonra, 2022-ci ildə də toplanış sayımız az idi, 2-3 toplanış keçdik, ya keçmədik. Artıq 2023-cü ildə biz Avropaya hazırlaşırdıq. Qrupumuzda Niderland, Bosniya və Lüksemburq var idi. Ona qədər də biz Türkiyə millisinə, gürcülərə, Bosniyaya, Makedoniyaya qarşı oynamışdıq. Orada bizim qələbələrimiz, heç-heçələrimiz, təbi ki, məğlubiyyətimiz də var idi. Amma Avropaya gedənə yaxın 13 futbolçumuzu apara bilmədik: beş oyunçumuz əsgərliyə getdi, dördünə pasport verilmədi (Nihat Mehrəliyev, Əsəd Əsədov, Raul Hacıyev, Yusif Mehtiyev) iki futbolçumuzun ciddi zədəsi var idi. İkisinin də səhhətində problemləri olduğu üçün milliyə gələ bilmədilər. Yəni, 13 əsas oyunçumuzu apara bilmədik. Həmin futbolçuların da demək olar ki, ilk 7-8-i əsas oyunçularımız idi. Orada da biz ilk olaraq Bosniya millisi ilə 0:0 oynadıq, Niderlanda 1:2 hesabı ilə məğlub olmuşduq. Statistika ilə götürsək,14-ü bizim, 4-ü rəqibin olmaqla (qapıya zərbələr) aşkar üstün olduğumuz oyunda biz matçı 1:2 məğlub olmuşduq. Həmin oyunda qələbə qazansaydıq, qrupu 2-ci pillədə tamamlayacaqdıq.
Hazırkı komandaya martda təyinat almışıq. Bu, 2009 yaş qrupu ilə bu ilin martından, yəni, U-17 komandamızla artıq 3-cü toplanışımızdır. İyundan bu yana 5 oyun – 2009 və 2010 yaş qruplarından, həm 16, həm 17 milli komandası ilə 5-ci oyunumuz idi. Qəbələdə U-17-lərlə oynamışıq, Qazaxıstanı məğlub etmişik, Gürcülərlə 1:1 oynamışıq (son anda qol buraxdıq, 90-cı dəqiqədə). U-16-larla da həmin ay 2 oyun keçirib, 2 qələbə qazanmışıq. Moldova üzərində və 17-lərlə Monteneqro üzərində qələbə qazanmışıq”.
Bu sözlər U-17 millisinin hazırkı baş məşqçisi Aqil Nəbiyevə məxsusdur. Nəbiyev uzun illərdir gənclərlə işləyir və futbolçulara sadəcə taktika deyil, həm də xarakter aşılayır. Onun rəhbərliyi altında komanda meydanda mübarizliyi, oyuna inamı ilə seçilir. Futbol ictimaiyyəti arasında çox zaman gənc millilər unudulur, onların işinə qiymət verilmir. Halbuki belə məşqçilər çox vaxt diqqətdən kənarda qalsalar da, əslində Azərbaycan futbolunun sabahını formalaşdırırlar.
Monteneqro ilə oyunlarda Nəbiyevin komandası həm texniki baxımdan, həm də döyüşkənlikdə yaxşı təsir bağışladı. Komanda oyundan qopmadı, bu isə məşqçinin psixoloji hazırlığa nə qədər önəm verdiyini göstərir.
Amma bunlara baxmayaraq, hələ görüləsi çox iş var. Gəlin həqiqəti də etiraf edək: Azərbaycanın U-17 millisi hələ sabit nəticələr göstərə bilmir. Son illərin statistikası göstərir ki, komanda Avropa seçmələrində qrupdan çıxa bilmir. Albaniya və Estoniya kimi komandalarla oyunlarda fərdi səhvlər və zəif texniki hazırlıq nəticələrin əleyhimizə çevrilməsinə səbəb olur.
Bir şey də deyək, Nəbiyev ayın 1-dən 12-nə qədər milliyə namizəd uşaqları – 2009, 2010 və hətta 2011-ləri belə – Mərdəkandakı “Dalğa Arena”da özünün təşəbbüsü və AFFA-nın yaratdığı şərait hesabına təlim-məşq toplanışına yığdı. Bütün məşqçilər heyəti və həkimlərlə birgə o uşaqların formada qalması üçün və sonra, 2009-ların oyunlara hazır olmaları üçün əlindən gələni etdi. Çünki həmin vaxt klublarda məşq keçirilmir, uşaqlar formada olmur, artıq çəki yığanları, formadan düşənləri – onların hamısını bərpa etmək üçün, 2009-ların toplanışından əvvəl o məşqləri keçdi. Yəni, adam ona aid olmayan bir işi belə, görür, öz təşəbbüsü ilə, öz hesabına.
Burada məsələ təkcə Aqil Nəbiyevdə deyil. Bu, sistem problemidir. Futbolçular klub səviyyəsində lazımi qədər oyun praktikasına və beynəlxalq təcrübəyə sahib olmurlar. Nəticədə, milliyə gəldikdə məşqçilərin işi daha da çətinləşir.
Nəbiyev və onun komandası işini görür, ancaq onların əməyinə dəstək çox azdır. İdman mediasında U-17 millisinin uğurları geniş işıqlandırılmır, ictimaiyyət isə yalnız əsas yığmanın nəticələrinə diqqət ayırır. Halbuki, futbolun təməli məhz bu yaşlardan başlayır. Bu məşqçilərə və futbolçulara dəstək olmazsa, gələcəkdə uğurlu milli komanda gözləmək də çətin olar.
Monteneqro üzərində qələbə ümidvericidir, amma bu, bir başlanğıcdır. Aqil Nəbiyev kimi məşqçilərə daha çox etimad göstərmək, futbolçulara isə daha çox oyun praktikasını təmin etmək lazımdır. Tənqid edilməli məqamlar var: texniki səhvlər, stabilliyin olmaması və beynəlxalq səviyyədə zəif çıxış. Amma bütün bunlar görülən işin dəyərini azaltmır. Əksinə, daha çox diqqət və dəstəyə ehtiyac olduğunu göstərir.
Bu komanda ardıcıl şəkildə oyunlara çıxarılarsa, beynəlxalq turnirlərə daha çox qatılarsa və futbolçular klub səviyyəsində inkişaf etsələr, Azərbaycan futbolunun sabahı daha parlaq ola bilər. Nəbiyev və onun futbolçuları buna hazır olduqlarını artıq göstəriblər.
Bizi Facebook-da izləyin



