Heykəlsiz Tağızadə, Əliyevin dombalaq aşması

Rəşad Ergün

AÇ-2020-nin seçmə mərhələsində Slovakiyanın, Macarıstanın, Uelsin döyüb əldən-ələ ötürdüyü Azərbaycan milli komandası Bakıda gücənə-gücənə xorvatlardan bir xal aldı deyə, ağızlar yumulmur, əllər çəpik çalmaqdan yorulmur.

O vaxt – İraqda Səddam Hüseyn, ABŞ-da Bill Klinton hökmranlıq etdiyi illərdə də Azərbaycan millisi Bakıda Luiş Fiqulu portuqaliyalılardan bir xal almışdı. Onda da xeyli azərbaycanlı sevindiyindən dombalaq aşırdı. Portuqaliyanın qapısına qol vuran Zaur Tağızadənin Bakının mərkəzində heykəli çatmırdı bircə, vəsfi üçün təşbehlər, epitetlər tükənmişdi.

Üstündən uzun-uzun illər keçib, Səddam Hüseynin cəsədi torpağa qarışıb, ABŞ Klintondan sonra az qala hər rəngdə prezident görüb, amma biz dəyişməmişik. Bizi yenə “döyürlər”, əldən-ələ, ayaqdan-ayağa ötürürlər. Biz o qədər dəyişməmişik ki, arada imkan tapıb gücənə-gücənə yenə babat bir rəqibdən xal qopara bilirik. Və… Səddam Hüseynin İraqda, Klintonun ABŞ-da hakimiyyətdə olduğu illərdəki kimi, xeyli azərbaycanlı həmin bir xala görə sevindiyindən dombalaq aşır.

AFFA-nın 1-ci vitse-prezidenti postunda adı Rauf, soyadı Əliyev olan bir şəxs var. Bizi dombalaq aşmağa sövq edən xorvatlarla heç-heçədən sonra həmin Əliyev Rauf çıxıb bir açıqlama vermişdi: “Gənc oyunçularımız yetişir. U-17, U-19 və U-21 millilərində yaxşı futbolçular var… Artıq görünür ki, biz yaxşıya doğru gedirik”. Eynən, belə də demişdi, nə artıq, nə əskik. Dünən Əliyev Raufun “yaxşı futbolçular var” dediyi milli komandalardan biri – U-21 Azərbaycanın göbəyində gürcülərdən üç qol yedi. Üç qol e! Səslərini də çıxara bilmədilər, nəfəsləri kəsildi, bədənlərini tər basdı, udqunmağa çətinlik çəkdilər. Gürcüstanın gəncləri Azərbaycanın gələcəyi olan futbolçulara futbol dərsi keçdilər. Hərçənd, bizə bu cür dərsləri keçənlər çox olub, amma futbol adlı zada o qədər uzağıq, o qədər naşıyıq ki, qanmırıq, öyrənmirik, öyrənə bilmirik.

Bizimki ildə bir dəfə babat bir rəqibdən xal qoparıb, dombalaq aşmaqdır. İnsafən, bunu futbol oynamaqdan dəfələrlə yaxşı bacarırıq. Yaxşı bacardığımız başqa şey də var: bütün hallarda özümüz üçün qəhrəmanlar yarada bilirik. Məğlub olduğumuz müharibədə sayı-hesabı bilinməyən qəhrəmanlarımız, başı qapazlı, zibil günündə olan futbolumuzda “qızıl oğlanlar”ımız var.