“Hesab fərqli ola bilərdi” – Samir Əliyev

“Turnirə gələndə heyətlə bağlı bir sıra çətinliklərlə üzləşdik. Tam olaraq istədiyimiz heyəti gətirə bilmədik”.

Komanda.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Mərakeşlə 2:2 hesablı heç-heçə etdikləri B qrupunun sonuncu – 3-cü tur matçından sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis rəqiblərlə müqayisədə çox gənc heyətlə mübarizə apardıqlarını bildirib: “Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi. Komandanın hər bir üzvünə həm ilk, həm də ikinci oyunda bütün bacarıqlarını nümayiş etdirdiklərinə görə təşəkkür edirəm”.

Onun sözlərinə görə, hava şəraitinin isti olması, rəqiblə müqayisədə fiziki durumun istənilən səviyyədə olmaması komandanın oyununa təsir göstərib: “Birinci hissədə əzmkarlıq nümayiş etdirdik və fasiləyə hesabda üstün yollandıq. Rəqibin oyununu təhlil etmişdik. Bilirdik ki, oyunun gedişində müəyyən boşluqlar buraxacaqlar. Ehtimalımız özünü doğrultdu. Təəssüf ki, imkanlardan tam istifadə edə bilmədik. Epizodları dəyərləndirə bilsəydik, hesab fərqli olardı, yarımfinala heç-heçə ilə yox, qələbə qazanaraq vəsiqə qazanardıq. Əsas odur ki, mərhələni adlayıb yarımfinala vəsiqə qazandıq. Uşaqlar nümayiş etdirdiyi futbolla, əzmkarlıqla, əziyyətləri ilə buna layiq olduqlarını göstərdilər”.

Əliyev yarımfinalda Türkiyə millisi ilə qarşılaşmaq ehtimalının böyük olduğunu söyləyib: “Növbəti oyunda indiyə qədər meydana çıxmayan futbolçulara da şans verməyi düşünürük”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button