“Hesab bizi önə çıxmağa məcbur edirdi” – Elmar Baxşıyev
Misli Premyer Liqasında 8-ci turunun “Səbail” – “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Oyunun ağır keçəcəyini bilirdik. “Səbail” heyətində keyfiyyətli futbolçular olan yaxşı komandadır. Məşqlərimizi və oyunlarımızı təbii ot örtüyünə malik meydanda keçiririk. Təbii örtükdən süniyə keçəndə təsirsiz olmur.
Ümumi oyunu dəyərləndirsək, komanda meydanda görmək istədiyimiz oyunu nümayiş etdirdi. Düşünülmüş hücumlarımız oldu ki, daim bunun üzərində işləyirik. Futbolçuları təbrik edirəm. İnanıram ki, qarşıdakı görüşlərdə daha məzmunlu oyun göstərəcəyik. Qırmızı vərəqədən sonra rahat olmadı. Hesab bizi önə çıxmağa məcbur edirdi. Ona görə daha böyük qüvvə ilə hücuma keçirdik. Rəqibin də bizi əks-hücumda yaxalaması normal idi. Komandama təşəkkür edirəm ki, düzgün reaksiya verib qələbə qazandı.
Ülvi İsgəndərov komandanın ən önəmli futbolçularından biridir. Bizim heyətdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur. Bu gün Ülviyə şans düşdü və komandaya qələbə qazandırdı. Sabah başqası olacaq. Kollektivin hər üzvü maksimumunu verməyə çalışmalıdır. Rafael Utziq hücumçudur. Forvard da fərdi oynamağa üstünlük verməlidir. Heç kim hücumçuya deyə bilməz ki, driblinqə getmə. Utziqdən istədiyimizi ala bilirik. Qarşıdakı turlarda daha yaxşı və özünəinamlı Rafael görəcəyik”.
Bizi Facebook-da izləyin