“Hendersonun çempionluq kubokunu əlinə alması bizim üçün yetərlidir”
İngiltərə Premyer Liqasının 37-ci turunda “Çelsi” ilə qarşılaşacaq “Liverpul”un futbolçusu Endi Robertson açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, “qırmızılar”ın bu oyunda çempionluq kubokunu qaldırması və baş məşqçisi Yurgen Klopp barədə danışıb:
“Bu an üçün səbirsizlənirik. Kapitanımız Cordan Hendersonun kuboku qaldırdığını görmək olduqca emosional an olacaq. Həmin an bütün hisslər eyni vaxtda yaşanacaq. Kapitanımızın 30 ildir klubda olmayan bir kuboku qaldırdığını görmək sevinc, xoşbəxtlik və digər hissləri bərabərində gətirəcək. Təbii ki, azarkeşlərin həmin an orda olmasını istəyərik, amma bu, mümkün deyil. Hendersonun çempionluq kubokunu əlinə alması bizim üçün yetərlidir. Bu oyunu səbirsizliklə gözləyirik. Oyundan sonra kuboku qaldırdıqda çempionluğumuzu qeyd edə bilərik. “Liverpul”u evim olaraq adlandıra bilərəm.
Klopp məndə yaxşı futbolçu olmaq üçün potensialı gördü və bunu bacardığı üçün xoşbəxtəm. O, mənə vaxt ayırdı, ilk aylar çətin idi. Hələ də hər gün məni inkişaf etdirməyə çalışır. O, məni bir futbolçu və insan kimi inkişaf etdirdi. Bu, bir məşqçidə axtardığım əsas xüsusiyyətdir”.
“Liverpul” – “Çelsi” oyunu iyulun 22-də keçiriləcək.
Bizi Facebook-da izləyin