“Heç kim bombardir olmağa “yox” deməz” – MÜSAHİBƏ
“Sabah” klubunun hücumçusu Mikels Coy-Lensin Komanda.az saytına müsahibəsi:
- “Sabah”ın çempionluq şansları var?
- Həyatda mümkünsüz heç nə yoxdur. Amma hazırkı vəziyyətə real yanaşmaq lazımdır. Çox çətin görünür. Lakin mövsümün bitməsinə hələ var.
- “Sabah” bu mövsüm özündən zəif komandalarla oyunlarda xallar itirib. Xüsusən də, “Şamaxı”ya məğlubiyyəti kiçik sensasiya saymaq olar. Həmin oyunda nə baş vermişdi?
- Mən burada “Turan Tovuz”u da qeyd edərdim. Hər iki komanda bizə qarşı çox yaxşı mübarizə apardı. Lakin yüksək yerlər uğrunda mübarizə aparırsansa, belə oyunlarda xal itirməməlisən. Həmin oyunlar bu baxımdan bizə dərs olmalıdır.
- Bir neçə mövsümdür ki, Azərbaycan Premyer Liqasında çıxış edirsiz. Bu müddətdə başqa klublardan təklif almısız?
- Bəli, artıq ikinci mövsümdür “Sabah”dayam. Burada özümü xoşbəxt hiss edirəm. Əsas olan budur. Başqa təkliflər var idimi? Hazırda bu barədə yox, yalnız komandamın uğurlu çıxışı barədə düşünürəm.
- Bombardirlər yarışında olsaz da, “Qarabağ”ın futbolçuları Musa Qurbanlı və Ramil Şeydayevdən geri qalırsız. Mövsümün sonunda Premyer Liqanın bombardiri olmaq sizin üçün nə qədər vacibdir?
- Məncə, heç kim bombardir olmağa “yox” deməz. Lakin mənim işim təkcə qol vurmaq deyil. Diqqət yetirmisizsə, cari mövsümdə kifayət qədər qol ötürməsi də vermişəm. Mənim əsas məqsədim meydanda komandam üçün faydalı olmaqdır. Hər keçən gün öz nəticələrimi yaxşılaşdırmağa çalışıram. Bu baxımdan əvvəlki mövsümlə müqayisədə irəliləyiş olduğunu düşünürəm. Bu, məni sevindirir, lakin rahatlaşdırmır. Daim öz oyunumu təkmilləşdirməyə, komandama daha çox xeyir verməyə çalışıram.
- Azərbaycan Premyer Liqasında ən çox hansı hücumçuların oyununu bəyənirsiz?
- Azərbaycanda oyununu bəyəndiyim hücumçulardan “Turan Tovuz”un futbolçusu Natan Oduvanı qeyd edərdim. Onun oyununu izləmək mənim üçün çox maraqlıdır. Və əlbəttə, komanda yoldaşım Aleksey Kaşuku da qeyd edərdim. O, doğrudan da çox möhtəşəm mövsüm keçirir. Onun istər məşqlərdə olan çalışqanlığını, istərsə də oyunlarda, yaşıl meydanda sərgilədiyi oyunu izləmək çox xoşdur. Ümumiyyətlə, məncə, sevindirici haldır ki, bizim komandanın hücum xətti çox yaxşıdır.
- “Sabah” bu yay tarixində ilk dəfə avrokuboklarda çıxış edə bilər. Necə düşünürsüz, komandanın hazırkı heyəti avrokuboklara yetərlidir, yoxsa daha da güclənməlidir?
- Fikrimcə, bizim çox yaxşı komandamız var. Mən komandamıza inanıram! Amma əlbəttə, bu baxımdan ən doğrusunu komandanın məşqçilər korpusu bilər.
- Demək olar ki, hər turdan sonra hakimlərdən şikayətlər olur. Siz də azərbaycanlı hakimlərdən narazısız, yoxsa..?
- Səhv etmək insana məxsus xüsusiyyətdir. Fikrimcə, hər bir insan səhv edə bilər, hakimlər də həmçinin. Lakin VAR-da səhvə yol verilməsini heç cür başa düşə bilmərəm.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin