“Heç kimə zəif gözü ilə baxmırıq” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 9-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. İstirahət qabağı vacib qalibiyyət idi. Komandanın yarısı istirahətdə olacaq, yarısı milli komandaların düşərgəsinə yollanacaq. Bu stadionda, bu şəhərdə oynamaq bizim üçün həmişə xoşdur. Belə azarkeş qarşısında oynamaq futbolçulara əlavə motivasiya verir. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox səliqəli dəstək verdilər. “Sumqayıt”a uğurlar arzulayıram. Futbolçularımın hər birindən razı qaldım.
Aleksey Kaşuk bir ildən çox idi ki, oynamamışdı. Heç normal hazırlıq da keçməmişdi. Onun üçün bu gün oynamaq asan deyildi. Eləcə də Musa Qurbanlı üçün. Əməliyyatdan sonra hələ tam optimal formasından uzaqdır. Onların bugünkü hazırlığına görə performansından razı qaldım. Dinamikanı tam qoruyub-saxlaya bilmirdilər. Bəzi texniki səhvlər olurdu. Amma diqqətləri oyunda idi. Mənim üçün vacib olan odur. Pis alınmadı. Ümumən vacib olan onların məşqdəki hazırlıqlarıdır. Bu cür davam etsələr, hər ikisinin idman forması daha yaxşı olacaq. İmkan, şans olduqca, formalarını geri qaytaracağıq.
Hansısa komanda bizdən aşağı pillədədirsə, o demək deyil ki, biz onlara 4-5 qol vurmalıyıq. Özümüzdən güclü rəqibə qalib gəlmişik, özümüzdən zəifə də uduzmuşuq. Statistikaya görə deyirəm. “Sumqayıt”ın turnir cədvəlindəki yeri aşağı pillədə olsa da, onların özünəməxsus oyun üslubu var. Ən intizamlı müdafiə olunan oyunlarından biri idi. Çox bəyəndim. Kəsərli əks-hücumları var idi. Futbolda belə termin yoxdur ki, zəif komandaya mütləq 4-5 qol vurmalıyıq. Heç kimə zəif gözü ilə baxmırıq. Bu həmin “Sumqayıt”dır ki, ötən mövsüm avrokuboklara vəsiqə qazandı. Onların ötən mövsüm də uğursuz seriyası var idi, ancaq onlar bizə burada qalib gəldi. Özü də biz əsas heyətlə oynayırdıq. Futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən komanda digərinə qalib gələ bilər. Vacib olan futbolçuların meydandakı düşüncəsi, intizamlı oyunu, dinamikasıdır. Belə olduqda, uduzsaq da, bəzən məyus olmuruq. Elə oyunlar var ki, istəksiz, dinamikasız uduruq, ya uduzuruq. Bu da məni narahat edir. Bu gün qalib gəlməsəydik də, futbolçulardan razılıq bildirəcəkdim. Çünki neçə oyundur ki, xeyli rotasiyalar edirik. Qarşımzda çox yaxşı məşqçi, çox yaxşı kollektiv var idi”.
Bizi Facebook-da izləyin