
Tərlan Əhmədov Özbəkistan səfərindən danışdı: “Orada süni ot örtüyü görmədik”
“Neftçi”nin və “Kəpəz”in sabiq baş məşqçisi Tərlan Əhmədov ötən günlərdə Özbəkistanda səfərdə olub.
Komanda.az-a açıqlama verən Əhmədov Özbəkistan səfəri haqda fikirlərini bölüşüb:
“Bəli, yaxın günlərdə Özbəkistanda olduq. Orada Ulu öndərin (Heydər Əliyev) doğum gününə həsr olunmuş dostluq oyununda iştirak etdik. Özbəkistan Futbol Federasiyasının təşəbbüsü, həmçinin, AFFA və Azərbaycan İdman və Gənclər Nazirliyinin dəstəyi ilə biz veteranlar Özbəkistanın paytaxtı Daşkəndə təşrif buyurduq. Mayın 8-də Ulu öndərin abidəsini ziyarət etdik, gül dəstələri qoyduq.
Veteranlar İttifaqının sədri Oktay Abdullayev başda olmaqla 8 veteran futbolçu getmişdik. Arif Əsədov, Emin Quliyev, Alim Qurbanov, Ədəhim Niftəliyev, Xəyal Mustafayev, Hüseyn Məhəmmədov, Mahmud Qurbanov və mən orda iştirak etdik. Ulu öndərin abidəsini ziyarət etdik, gül dəstələri qoyduq, ruhuna dualar oxundu. Daha sonra Azərbaycanın Özbəkistandakı mədəniyyət mərkəzi ilə tanış olduq. Oradakı iş prosesi ilə tanış olduq, insanlarla görüşdük. Doğrudan da, gözəl, mükəmməl mədəniyyət mərkəzimiz var. Daha sonra səfirlikdə olduq. Sizin vasitənizlə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn müəllimə təşəkkür edirəm ki, üç gün müddətində bizimlə birlikdə oldu. Demək olar ki, bütün tədbirlərdə yanımızda idi. Oradakı Azərbaycan icması ilə tanışlıq oldu. Şam yeməyində bir yerdə idik. Üç gün demək olar ki, hamımız bir yerə yığışırdıq. Onu deyim ki, Ulu öndərin xatirəsi hər yerdə əziz tutulur. Bizim üçün fəxrdir ki, Ulu öndərimzin xatirəsi bütün dünyada əzizdir.
Mayın 8-də Özbəkistan vaxtı ilə saat 17:00-da dostluq oyunu keçirildi. Bizim və onların demək olar ki, bütün veteran futbolçuları cəlb olunmuşdu. Yaxşı, maraqlı oyun oldu. Hər şey yüksək səviyyədə idi. Çoxlu azarkeş gəlmişdi, məmurlar var idi. Futbol Federasiyalarından gələn insanlar var idi. Hətta deputatlar da gəlmişdi, hansı ki, onlar da futbolda söz sahibidirlər. Oyuna böyük bir dəstək, maraq var idi. Matç “Bunyadkor” futbol klubunun bazasında, yaşıl meydançada keçirildi. Yüksək səviyyədə təşkil olunmuşdu. Bu işdə əməyi olan hər bir şəxsə təşəkkür edirəm, sağ olsunlar. Özbəkistan Futbol Federasiyası, AFFA və Azərbaycan Gənclər və İdman Nazirliyi arasında belə bir dostluq əlaqəsinin olması bizi də sevindirir. Hər halda, belə bir oyunun təşkil olunması futbol ittifaqları, veteran oyunçular arasında dostluğun əbədiləşməsinə gətirib çıxarır”.
Əhmədov Özbəkistandakı meydançaların durumu ilə bağlı da danışıb:
“Bəli, oradakı meydançaların durumu yüksək səviyyədədir. Orada Premyer Liqadakı və yaxud da, Premyer Liqaya gələn klubların qarşısındakı məqsəd təbii örtüklü meydançasının olmasıdır. Süni örtüklü meydançalarda Premyer Liqa oyunları keçirilmir. Ümumiyyətlə, süni örtük qadağandır. Bu, vacib tələbdir, yerinə yetirilməlidir və heç kimə də vaxt verilmir ki, sən Premyer Liqaya gələcəksən və sənə bir il vaxt veriləcək ki, meydançanı düzəldəsən. Belə bir şey yoxdur. Birinci divizionda ola bilər. Ancaq biz ümumiyyətlə, orada süni ot örtüyü görmədik.
“Bunyadkor” və “Paxtakor”un stadionları var. Biz sovetlər dönəmində “Paxtakor”un stadionunda olmuşuq. Ancaq “Bunyadkor”un stadionu demək olar ki, mükəmməl tikilib. Demək olar ki, bizim Bakı Olimpiya Stadionuna (BOS) bir az oxşayır. Amma onun ətrafında 8 meydança var, hansı ki, orada akademiya, əsas komanda məşqlərini keçir, əsas komandanın ev oyunları keçirilir. Stadionun paltardəyişmə otaqları mükəmməl, çox genişdir. Baxmayaraq ki, bizim paltardəyişmə otaqlarımız onlarınkına nisbətən daha balacadılar. “Bunyadkor”un muzeyinə getdik, orada komandanın qazandığı kubolarla tanış olduq. Veteranlarını necə anırlar, onun şahidi olduq. Hətta mayın 10-da Ulu öndərin abidəsini ziyarət etdikdən sonra “Paxtakor”un 1979-cu ildə təyyarə qəzasında həlak olan futbolçularının məzarlarını da ziyarət etdik. Onu deyim ki, orada futbola, futbolçulara böyük dəstək, dəyər var. Onların inkişafı, futbol oynamaları üçün mükəmməl işlər görülüb. Bütün akademiyalarda yerli mütəxəssislərdir, onların qarşısına məqsədlər qoyulub.
Stadionların hamısı demək olar ki, təbii ot örtüyüdür. Hətta məşq meydançalarının örtüyü belə, təbiidir. Və bu, Premyer Liqada çıxış edən klubların qarşısına qoyulan şərtdir. Hansı komanda bu şərti yerinə yetirə bilmirsə, güclülər dəstəsinə buraxılmır”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin