“Heç-heçə ədalətli nəticə oldu” – Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bu fikirləri səsləndirib:
“Bu gün üç xal qazanmaq istəyirdik. Mən oyundan qabaq futbolçularımla danışanda dedim ki, qələbə üçün gəlmişik. Açıq oyun gedirdi. Hesabı 2:0 etmək üçün şansımız vardı. Lakin yararlana bilmədik. Vacib oyunçumuzu itirdik. Hesab ədalətli oldu.
Düşünmürəm ki, digər komandalara qarşı xal itirmişik. Ola bilsin ki, oyunun gedişatını siz bəyənməmisiniz. Digər komandalara qarşı açıq oyun olmur. Onlar əks-hücumlara bel bağlayırlar. Çalışırıq ki, digər rəqiblərə qarşı da bu gün oynadığımız kimi oynayaq.
Oyundan sonra oyunçularıma dedim ki, qələbə qazanmağa yaxın idik. Məqsədimiz üç xal qazanmaq idi. “Qarabağ”ın oyunçusuna qol ötürməsini etməkdə imkan yaratmamalı idik. Çalışırıq ki, oyundan-oyuna daha yaxşı çıxış edək. Oyunçularıma izah etməyə çalışıram ki, klubumuzun tarixi var. “Neftçi” formasını daşımaq olduqca məsuliyyət tələb edir.
“Qarabağ”la ilk oyun çətin perioda düşmüşdü. İsmayıl Zülfüqarlıya qarşı heç bir iradım yoxdur. Vaxt udaraq futbolçularımın rahatlaşmasına şərait yaratmağa çalışdım. Məni baş məşqçi kimi anlamaq istəsəniz, deyə bilərəm ki, bu, taktiki gediş idi. Mən oyunçularımla mütəmadi olaraq danışıram. İsmayıl demək olar ki, hər oyun meydana daxil olur. Bundan əvvəlki oyunda ondan narazı qalmışdım. Bu gün ona yenidən şans verdim.
Sözün əsl mənasında bütün diqqətimi oyuna yönləndirmişdim. Zədələnən futbolçumuza görə üzülürəm. Oyunçularım peşəkardılar. Bu, bizim həyatımızdır. Biz artıq buna öyrəşmişik. Aparıcı oyunçunun zədələnməsi tez-tez müşahidə edilir.
Biz bir dəfəyə kluba çox oyunçu gətirə bilmərik. Çalışırıq ki, addım-addım edək. Bunun üçün yüksək məbləğdə büdcə lazımdır. “Neftçi”də işləyənlər problemlərdən agahdırlar.
Avropa Konfrans Liqasına hələ çox var. Siz haqlısınız. “Qarabağ”ın ehtiyat oyunçuları da güclüdür. Onların dörd zədəli futbolçusu var. Hətta ehtiyatda belə deyildilər. Özlərini çox yaxşı göstərirlər. Bizə vaxt lazımdır ki, problemləri aradan qaldıraq. Biz addım-addım çalışırıq.
Bizim hücumçu variantımız olmadığı zaman Yeqor oynadı və vacib qol vurdu. İndi isə heyətimizdə Saldanya var. Heç də pis təsir bağışlamadı. Yeqor çox yaxşı məşq edir. Vato ilk dəfədir ki, bütün məşqlərdə zədəsiz məşq edir”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin