“Bəlkə də, nə vaxtsa Azərbaycana qayıdaram, ancaq indi tezdir” – Müsahibə
Hazırda Estoniyanın “Narva-Trans” klubunda forma geyinən Nurlan Novruzov vaxtilə “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail” kimi klublarda çıxış edib. İki dəfə də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının formasını geyinən forvard, artıq iki ildir ki, legioner həyatı yaşayır.
2014/15 mövsümündə “Bakı” ilə Azərbaycan Premyer Liqasının bombardiri olan Novruzov, Türkiyədə “Dersim 62 Spor”, “Şanlıurfaspor”, Moldovada “Dinamo-Avto” kimi komandaların formasını geyinib. Bu il fevralın 21-də Estoniyanın “Narva-Trans” klubuna keçən 26 yaşlı hücumçu Komanda.az saytına müsahibə verib:
- Nurlan, Estoniyada işlərin necə gedir?
- Şükür, burda hər şey yaxşıdır.
- Komandan Estoniya kubokunda yarımfinala yüksəldi, hədəfiniz nədir?
- Bu dəqiqə bizə kubok vacibdir. Çünki qalib gəlsək, yayda Avropa Liqasında çıxış edə bilərik. Oyun ağır keçsə də, sonda qələbə qazana bildik.
- Yeni klubunda vəziyyətin necədir? Baş məşqçinin etimadını qazana bilirsən?
- Baş məşqçimiz müsbət düşüncədədir. Yenə də, məndən çox şey gözləyir. Buna görə də, çox çalışıram ki, mənə olan güvəni boşa çıxarmayım.
- Müqavilən bir illikdir, qalmaq haqda düşünürsən?
- Bəli, mövsümün sonuna qədər burdayam. Komandada hamının müqaviləsinin müddəti bir illikdir. Qarşıda bizi nələrin gözlədiyini indi bilmərik. Biz bu mövsümü boşa verməmək üçün burdayıq.
- Nurlan, Azərbaycandan sonra Türkiyə, Moldova, indi də Estoniyada çıxış edirsən. Bu çempionatlar arasında hansı fərqlər var?
- Məvacib baxımından Türkiyədə pis deyildi. Ancaq Moldovaya nisbətən Estoniyada həm şərait, həm də ölkənin inkişafı yaxşıdır. Estoniyada oyunlarda yüksək temp olur. Komandalar uzun ötürmələrə, hava toplarına üstünlük verirlər. Bizim komanda bir az fərqlidir. Biz əsasən “pas”a üstünlük veririk. Çünki komandamızda texnikalı futbolçular çoxdur.
- Bəs Azərbaycanla müqayisədə necə?
- Azərbaycandan “Qarabağ” və “Neftçi”ni çıxsaq, digər klubların səviyyəsi eynidir.
- Estoniyada futbola maraq necədir?
- Estonlar futbolu çox sevirlər. Azarkeşlər hər oyunda komandalarını dəstəkləyirlər. Demək olar ki, hər oyuna 1000-2000 azarkeş gəlir.
- Artıq iki ildir ki, legioner həyatı yaşayırsan. Bu dövr ərzində Azərbaycan klublarından təklif almısanmı?
- Bəli, ancaq hələ cavanam, ölkə xaricində oynamağım daha məsləhətlidir.
- Klubların adlarını çəkə bilərsən?
- Bunu demək düz olmaz. Ancaq Bakı klublarıyla ciddi danışıqlarım oldu. Buna baxmayaraq, qərarım xaricdə qalmaq oldu. Bəlkə də, nə vaxtsa Azərbaycana qayıdaram, ancaq indi tezdir.
- Vaxtilə Azərbaycan Premyer Liqasının bombardiri olmusan, ancaq indi demək olar ki, unudulmusan. Milli komandanın məşqçilər korpusundan səninlə maraqlanan olub?
- Xeyr, yaxşı formada olmalıyam ki, məni də milliyə çağırsalar, xeyir verə bilim.
- Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Nikola Yurçeviç xarici klublarda çıxış edən azərbaycanlı futbolçuları izlədiklərini, məlumatlarının olduğunu deyirdi.
- Xeyr, mənimlə maraqlanan olmayıb.
- Azərbaycanda olan zaman qəza törətdiyin üçün milli komandaya dəvət olunmağına qadağa qoyulduğu deyilirdi. Ola bilərmi ki, məhz bu səbəbdən səninlə maraqlanmır, çağırmırlar?
- Xeyr, elə söhbətlər olmayıb. Hamısı şayiə idi.
- Yığmanın oyunlarını izləyirdin?
- Bəli, izləyirdim. Heyf ki, Avropa çempionatında zəif çıxış etdilər.
- Səncə, bunun günahı kimdə idi?
- Günahın kimdə olduğunu bilmirəm, bu haqda nəsə deməyim düzgün olmaz.
- Azərbaycan Premyer Liqasını izləyirsən?
- Bəli, izləyirəm. Son illər eyni situasiya davam edir. “Qarabağ” çempionluq, digər komandalar Avroliqa üçün mübarizə aparır.
- Sən çıxış etdiyin vaxtla indiki arasında nə kimi fərq var?
- Əvvəlki illərə qayıtsaq, çempionatın səviyyəsi yüksək idi. Çempionluq üçün 1-2 komanda yox, 4-5 komanda mübarizə aparırdı. Təəssüf ki, indi elə hal yaranıb ki, 10-cu turdan sonra çempion bəlli olur.
- Səncə, belə fərqin yaranmasında əsas amil nədir?
- Bütün bunların başlanğıcı maddi durumla bağlıdır. Böyük iş adamları əvvəllər futbolu sevirdi və böyük pullar xərcləyirdi. Ancaq indi niyəsə onlar da həvəsdən düşüb. Məncə, bu iş adamlarını həvəsləndirmək lazımdır. İddialı klublarımızın sayı nə qədər çox olsa, çempionatın da səviyyəsi artar.
- “Səbail”dən ayrılıb, Türkiyənin Həvəskar Liqasında mübarizə aparan “Dersim 62 Spor” klubuna keçmişdin. Nə üçün belə qərar vermişdin?
- İlk növbədə, məncə, bu, dəlilik idi (gülür). Amma inanırdım. Ümidim var idi ki, ordan xarici klublara keçə bilərəm. Bunu bacardığım üçün də şadam.
- Belə çıxır ki, çıxış etdiyin Türkiyənin Həvəskar Liqasını, Moldova, Estoniya çempionatlarını Azərbaycan Premyer Liqasından üstün hesab edirsən?
- Eyni səviyyəli çempionatlardır. Sadəcə, “Qarabağ” və “Neftçi”ni çıxsaq, digərləri eyni səviyyədədir. Moldovada “Şerif” “Qarabağ” kimi, maddi imkanları yüksək klubdur. Bazaları da demək olar ki, Avropanın nəhəng klublarından geri qalmır.
- Azərbaycandan getdiyin üçün peşman olmamısan?
- Bir az darıxmaqla bağlı problemlərim olurdu. Ancaq indi hamısı geridə qalıb.
- Gələcək planlarında nə var?
- Bacardığım qədər yüksək səviyyəyə qalxmaq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin