“Hazırda atılacaq ən gözəl addım Santuşu istefaya göndərməkdir” – SORĞU

Azərbaycan milli komandası Haiti və Belarus yığmalarına qarşı keçirdiyi yoldaşlıq oyunlarında məğlub oldu. Bu məğlubiyyətlər milli komandanın yenidən gündəmə gəlməsinə və tənqid olunmasına səbəb verdi.

Komanda.az həmkarlarımız – idman jurnalistləri arasında sorğu keçirərək, millinin baş məşqçisi Fernandu Santuş və yığma komandanın gələcəyi ilə bağlı iki sual ünvanlayıb:

1: Sizcə, AFFA milli komandanın Haiti və Belarusa məğlubiyyətlərindən sonra hansı addımı atmalıdır?

2: Milli komanda Fernandu Santuşla yoluna davam etməlidir? Yoxsa, millinin “sükan”ı yerli məşqçilərdən kiməsə tapşırılmalıdır?

Natiq Muxtarlı (“aut.az”):

”Haiti və Belarusa məğlubiyyətlərdən sonra AFFA rəhbərliyinin atmalı olduğu addım tam tərkibdə istefa olmalıdır. Yəni, bu adamlar başa düşməlidirlər ki, futbol təsərrüfatını idarə etmək onlarlıq deyil. Yəni, bu adamlar anlamalıdırlar ki, futbolu, xüsusən də Azərbaycan futbolunu, onun spesifik xüsusiyyətlərini və problemlərini bilmirlər.

Amma bu adamların istefa verəcəyi inandırıcı deyil. Çünki onlar seçilməyiblər, təyin olunublar. Yaxşı, istefa verməyəcəklər, bəs onda hansı addımı atmalıdırlar? Bu addımlar haqda illərdir ki, yazırıq: Azərbaycanda futbolçu yoxdur, çünki ölkədə futbolçu ümumiyyətlə, yetişdirilməyib. Millinin futbolçularını da tənqid etməyə ehtiyac yoxdur. Bu zavallılar bacardıqları, onlara öyrədilən kimi oynayırlar. Yəni, onlara öyrədilən budur. Deməli, Azərbaycanda uşaq futbolu yoxdur. Ona görə də, millidən nəticə gözləmək absurddur.

AFFA rəhbərliyi Santuşu istefaya göndərməli, sonra da çıxıb elan etməlidir ki, milli komanda yerli məşqçiyə tapşırılır, amma yığmadan heç bir nəticə tələb olunmayacaq. Çünki bu potensialla nəticə əldə etmək mümkün deyil. Uşaq futbolunun inkişafı üçün əməli addımlar atılmalıdır. Bu işə peşəkar şəkildə start verilsə, 5-6 ildən sonra əvvəlcə Azərbaycanın U-17 yığması nəticə qazanacaq, sonra isə U-19 və U-21. Ondan sonra isə növbə əsas milliyə çatacaq. O nəslin futbolçuları rahatlıqla Avropa ölkələrinin çempionatlarında oynayacaqlar. Yəni, millinin uğur qazanması ən yaxşı halda 10 ildən sonra mümkün olar. O da işə indi başlanılsa, peşəkar addımlar atılsa. Başlayacaqlarmı, atacaqlarmı? İnanmıram. Ona görə də, birdəfəlik başa düşmək lazımdır ki, hazırda Azərbaycan futbolunun ən ciddi problemi beyin – idarəçi problemidir. Bu problem həll olunmasa, belə biabırçılıqlar daim olacaq”.

Səxavət Qurbanov (“idmanxeber.az”):

”Sırf bu iki matçla bağlı hansısa addım atmaq özünü aldatmaqdır. Bu problem bu iki oyunu təkcə uduzduq deyə yoxdur. Problemin kökü daha dərindir. Ölkə futboluna cavabdeh olan şəxslər çıxıb hesabat verməlidir. Dövlətin ayırdığı milyonların fonunda pullar hara və hansı şəkildə xərclənir ki, nəticələr bu dərəcədə bərbaddır? Hazırda atılacaq ən gözəl addım Santuşu istefaya göndərməkdir. Lakin bu gedişlə ölkə futbolunda hansısa bir inkişaf seziləcəkmi? Təbii ki, yox.

Hər bir halda, Santuş postundan göndərilməlidir. Yerinə azərbaycanlı məşqçilərdən birini təyin etmək ən doğru qərar olar. Qərar doğru olsa da, bu, nəticələrin yaxşı olacağına dəlalət etmir. Çünki, yenə qeyd edirəm, problemin kökü tamam fərqlidir. Problemlərdən ən başlıcası isə sahəyə yad adamların mühüm postları tutmaları və məntiqi davamı kimi də nəticələrin bu dərəcədə bərbad olmasıdır”.

Ceyhun Əliyev (“sport24.az”):

”Hesab edirəm ki, AFFA ilk addımı – legioner limitinin ləğvi ilə atıb. Yəni, istər Haiti ilə Belarus olsun, istər Madaqaskarla Zimbabve – fərq etmir. Guya qalib gəlsəydik nə dəyişəcəkdi ki? İki gün əvvəl dünyasını dəyişmiş Çingiz İsmayılov SSRİ çempionatında “Neftçi”nin növbəti məğlubiyyətindən sonra belə bir ifadə işlətmişdi: “Nə etmək olar, qablarında olanı budur”. Bax, indiki vəziyyətə də bu sözlər müəyyən interpretasiya ilə uyğun gəlir: qablarında heç nə yoxdur. Hansısa radikal addım kimi Santuşu göndərməyi nəzərdə tutursuzsa, bu, səhv addım olar. Çünki Millətlər Liqası bizə hər şeyi göstərdi. Rəsmi oyunlarda qapazaltı olduqdan sonra qəti addım atılmadısa, yoxlama görüşlərindən sonra buna ehtiyac yoxdur.

Milliyə əcnəbi o halda lazım ola bilər ki, komanda ardıcıl qrup üçüncüsü olur və pley-offa yüksəlməyə bir addım çatmır. Bax, o zaman daha kvalifikasiyalı əcnəbiyə zərurət duyula bilər. İndiki halda isə hesab edirəm ki, məşqçilər korpusunun büdcəsini xeyli azaltmaq və həmin vəsaiti uşaq futboluna yönləndirmək gərəkdir. Aşağı salınmış pula isə onsuz da əcnəbilər gələn deyil. O ki qaldı “Santuşla davam, ya tamam” məsələsinə, məncə, davam etmək lazımdır. Adam adını düşünməyib pul arxasınca gəlibsə, onun əvəzinə niyə kimsə Fransa faciəsini yaşamalıdır?”

Anar Xanlarov (“rekord.az”)

”AFFA-nın atmalı olduğu addım birmənalı şəkildə Santuşla yolları ayırmaqdır. Çünki bu məşqçi ilə bizim millinin perspektivi yoxdur. Amma güman ki, təzminat məsələsinə görə bu addım atılmayacaq. Sözsüz ki, milli komanda yerli məşqçiyə tapşırılmalıdır. İndiki halda ən ideal variant budur. Ayxan Abbasovun qısa müddətdə U-21-dəki işi də bunun sübutudur”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button