“Hansısa səhvimiz bizə baha başa gələcək”
“Araz”ın (Naxşıvan) hücumçusu Felipinyo UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilmiş “Uraqan”la oyun haqda fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Çətin oyun oldu. Birinci hissədə oyunumuz alınmadı. Hər iki qolda kobud səhvlər etdik. Hücuma çıxmaq istəyərkən özümüz cəzalandırıldıq. Halbuki qol vurmaq üçün şanslarımız oldu. Təəssüf ki, biz istifadə edə bilmədik. Onlar isə maksimumu etdilər.
Hər bir komanda turnir ərzində 3 oyun keçirməlidir. İlk oyunumuzu arxada qoyduq. Qarşıda isə hələ iki matçımız var. İstənilən komanda uduza, xallar itirə bilər. Belə etməməliyik. Səhvlərimizi analiz etdik. İndi qarşıdakı iki oyundan maksimum xal toplamalıyıq ki, rəqiblərimizin itirəcəyi xallar işimizə yarasın.
Rumıniya çempionu da turnirə məğlubiyyətlə başlayıb. Onlar da aqressiv olacaqlar. Əlbəttə, hər iki komandaya çətin olacaq. Bu mərhələdə zəif rəqib olmur. Onlar da meydandan 3 xalla ayrılmağa çalışacaqlar. Bizim də bir məqsədimiz var: qələbə qazanmaq. Hansısa səhvimiz bizə baha başa gələcək. İlk oyunda cəzalı olduğuna görə meydana çıxmayan Xətai Bağırov da bizə kömək edəcək. Müdafiədə aqressiv oynamalı, sürətli hücumlar qurmalı, qollar vurmalıyıq. Məğlubiyyəti unutmalı, “Yunayted Qalati” ilə matça köklənməliyik”.
Bizi Facebook-da izləyin