Azərbaycan Premyer Liqasından hansı komandalar avrokuboklara vəsiqə qazana bilər? – SORĞU

Azərbaycan Premyer Liqasında 13 tur geridə qalıb. Artıq komandaların çıxışı ilə bağlı müəyyən fikirlər formalaşıb.

Komanda.az saytı “Çempionat başlayandan bu günə qədər olan oyunlara əsasən, hansı komandaların mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağını düşünürsüz” sualı ilə idman mediasında çalışan həmkarlarımıza müraciət edib:

Kənan Məstəliyev (Rekord.az)

“Mövsümün yalnız üçdə biri geri qaldığına görə, indidən fikir bildirmək çətindir. Çünki marafon hələ uzundur. Qışdan sonra komandalarda dəyişikliklər olur. Bu, formalaşmış bir ənənədir. Ümumi fikirlər bildirmək olar. “Qarabağ”ın avrokuboklara vəsiqəni artıq təmin etdiyini demək olar. Bu, elə komandadır ki, çempion olmasa da, avrokuboklara vəsiqəni onların əlindən almaq real görünmür. Bu iddianı bildirmək də ağılsızlıq olardı.

Eyni zamanda, “Araz-Naxçıvan”. Bu komandanın da eniş göstərəcəyi görünmür. Əvvəlki “Araz-Naxçıvan”la müqayisədə heyət hazırda çox yaxşıdır. Sabitlik nümayiş etdirirlər və heç də asanlıqla məğlub olmurlar. “Qarabağ”, “Araz-Naxçıvan” və “Turan Tovuz”un avrokuboklar üçün iddialı olduğunu söyləmək olar.

Digər komandalara gəldikdə isə, çempionat yolu ilə çətin ki, vəsiqə qazansınlar. Ancaq kubok uğrunda iddialarını ortaya qoymaq lazım olacaq. “Sabah” və “Neftçi”nin avrokuboklara, xüsusilə də, çempionat yolu ilə vəsiqə qazanması çox çətindir. Aradakı xal fərqi çox böyükdür və bu, mümkünsüzdür. Yeganə yol kubokdur ki, orada da hər cür nəticə baş verə bilər. Kuboku əldən verməmək üçün şanslarını yoxlaya bilərlər”.

Əli Sahib (Fanat.az)

“İndidən bu haqda danışmaq çox tezdir. Düşünürəm ki, hazırda turnir cədvəlində olduğu kimi, “Qarabağ”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə”dir ki, vəsiqə uğrunda savaşacaqlar. “Sabah” da olacaq, ancaq bu gedişlə inanmıram ki, avrokuboklara düşə bilər”.

Saleh Arslan (Korner.az)

“Təbii ki, əsas mübarizənin hazırda ilk dördlükdə qərarlaşan komandalar arasında gedəcəyini düşünürəm. Ancaq “Qarabağ” istisna olmaqla, digər üç komandanın qışdan necə çıxacaqları da maraqlıdır. Əvvəlki illərin təcrübəsi göstərir ki, bəzi komandaların mövsümün əvvəlindəki hazırlığı yarım illik olur və qışdan sonra düşüş başlayır. Ona görə də, bu ehtimalı hər bir halda nəzərdə saxlamaq lazımdır”.

Vüsal Mahmudov (Futbolinfo.az)

“Hazırda ilk üçlükdə olan komandaların avrokuboklara gedəcəyini demək olar. 4-cü yer bir az çətindir, çünki vəsiqə üçün kubokun nəticələri də önəm daşıyır. İndi avrokuboklara gedəcək komandaları müəyyənləşdirmək çox tezdir, çünki Azərbaycanda həmişə qış fasiləsində klublarda çox ciddi dəyişikliklər olur. Ona görə də, qış fasiləsinə kimi gözləmək lazımdır. Yalnız “Qarabağ”ın təcrübəsini, gücünü nəzərə alaraq avrokuboklara gedəcəyini demək olar. O biri komandalarla bağlı ehtimal irəli sürmək tezdir. Düzünü desəm, “ilk dördlüy”ün necə formalaşacağını proqnazlaşdıra bilmirəm. Ancaq məncə, bu siyahıda bir sürpriz komanda olacaq. Ya “Araz-Naxçıvan”, ya da “Turan Tovuz”. Lakin tam siyahı üçün hələ çox tezdir”.

Anar Şabanoğlu (Sports.az)

“Qarabağ”ın nəinki avrokuboklara vəsiqə qazanması, çempionluğu heç kimdə şübhə doğurmur. Məncə, digər üç yer uğrunda beş komanda mübarizə apara bilər. Düzdür, “Neftçi” hələlik pis vəziyyətdədir. Amma Samir Abasovun gəlişindən cüzi də olsa, ümid yaranıb. Düşünürəm ki, “Neftçi” tez toparlansa, bu mübarizəyə qoşula bilər.

“Sabah” potensialına görə çempionatda ikinci yeri tutmalıdır. Krunoslav Renduliçlə öz oyunlarını tapmasalar, ola bilsin, baş məşqçi dəyişikliyi gerçəkləşsin və “Sabah” qış fasiləsində daha da güclənsin.

Fikrimcə, üçüncü real namizəd “Zirə”dir. Bunu da daha çox Rəşad Sadıqovun məşqçilik bacarığına və artıq komandasının müyyən avrokubok təcrübəsinə güvənərək deyirəm.

Hamını yaxşı mənada təəccübləndirən “Araz-Naxçıvan” heyət, futbolçu seçimi baxımdan “Turan Tovuz”dan güclüdür. Amma Kurban Berdıyev illərin təcrübəsidir və zəif heyətlə böyük uğur qazanmağı bacaran mütəxəssisdir.

Hələlik iki komandanın – “Qarabağ” və “Sabah”ın avrokuboklara vəsiqə qazanacağına əminliyim var. “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” və tez toparlansa, “Neftçi” digər iki yer uğrunda mübarizə aparacaq”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button