Hanı o pullar?
Rəşad Ergün
2005-2015-ci illər aralığında Azərbaycanda futbola milyardlarla pullar ayrıldı. Pul o qədər çox idi ki, futbola cavabdeh şəxslər nə qədər oğurlasa da, bitmirdi. Nazirlər, məmurlar çırpışdırdıqları neft pullarından bir qismini yaşıl meydanlara töküb, “kimin komandası döyər?” havasına girmişdilər. İndiki kimi yadımdadır, bir dəfə köhnə “Neftçibaza”nın həyətində dostlarla çay içirdik, orda elə bir dava düşdü ki, ancaq filmlərdə görmək olardı. Gənc oğlanlar əllərində bıçaqlarla, dəyənəklərlə, daşlarla bir-birlərinə hücum edirdilər. Dostlardan biri dedi ki, “Hafka” (Hafiz Məmmədov) ilə Ziya Məmmədovun dəstələridir, qırırlar bir-birlərini. Onda klub sahiblərinin belə qoçu dəstələri də var idi.
Milyardlarla pullar bir dəstə adamın cibinə getdi, klublar yoxa çıxdı, Azərbaycanda futbol stadionlarının əksəriyyəti boşaldı, dağıdıldı, qoyun-quzu otlağına çevrildi. Avropaya çıxarmaq üçün tək bircə futbolçu da yetişdirilmədi. Bircə “Qarabağ” ağıllı tərpəndi, futbol xarabalığı üzərində nəsə edə bildi, artıq neçə ildir ki, gəlirinin demək olar yarısını UEFA-dan qazanır. Vəssalam.
Bir dənə planlı, sistemli iş olmadı. Milli komanda son mövsümü qrupda 1 xalla başa vurdu, milli çempionatda 8 klub var (6-sı paytaxtı, 1-i Sumqayıtı təmsil edir) onların da çoxu gözünü AFFA-nın ayırdığı pula dikib. Və bütün bunlardan sonra Rövnəq Abdullayev AFFA prezidenti, Elxan Məmmədov vitse-prezident, baş katib kimi işinə davam edir. Bir adam bunlardan soruşmur ki, hanı o pullar? Heç kim soruşmur! Yuxarı səviyyədə heç kim! Xalqdan, dövlətdən oğurlamaq, oğurlamaq, yenə də oğurlamaq.
Bizi Facebook-da izləyin