“Hanı NATO? Hanı ABŞ? Hanı Avropa Birliyi?” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Rusiyanın Ukraynaya hücumu haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, ispan məşqçi dünən Çempionlar Liqasının “Sportinq”ə qarşı keçirilən 1/8 finalın cavab matçından sonra (0:0) jurnalistlərin bu mövzuda suallarını cavablandırıb:
“Böyük dünya dramı odur ki, bəzi ölkələr dağıdılmaqda davam edir. Çünki bir nəfər hesab edir ki, günahsız insanları da qırmaq olar. Dünya, dünya ölkələri isə əvvəlkitək susur. Bütün bunlar siyasətin, iqtisadiyyatın, hər şeyin alt-üst olması deməkdir.
Özünüzü vətəninizdə təsəvvür edin, yad bir nəfər evinizə gəlir, ora soxulur, ailənizi və dostlarınızı öldürür. Bundan sonra sən hər şeyini itirirsən və başqa ölkəyə qaçmaq məcburiyyətində qalırsan. Bu, sizin, mənim günahım ucbatından olmayıb”.
Qvardiola, Ukraynaya lazımi dəstək vermədiyi üçün dünya güclərini də ittiham edib:
“Hanı NATO? Hanı ABŞ? Hanı Avropa Birliyi? Sülh tapmaq artıq gecdir. Bütün bunlar siyasi təşkilatların yarıtmazlığına görədir. Belə təəssürat vardı ki, həmin təşkilatlar insanların yaxşı yaşaması üçün idi. Amma elə deyilmiş. Biz işləyərək vergi ödəyirik. Onlar bu hadisələrin baş verməsinə görə narahat olmalıdırlar. Amma hamısı uğursuzdurlar”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin