“Hakimlikdən narazıyam, amma şikayət etməyəcəm” – Azər Bağırov
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qarabağ”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 0:5 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov ilk hissədəki oyunlarını çox bəyəndiyini bildirib:
“Oyunun gərgin olacağını bilirdik. İlk dəqiqələrdən də istədik ki, futbolçular rəqibdən çəkinməsinlər. Birinci hissədəki oyunumuzu çox bəyəndim. Çatışmayan cəhətlərimiz var, onları aradan qaldırmalıyıq. “Qarabağ”ı təbrik edirəm, avrokuboklarda uğurlar arzulayıram.
“Qarabağ” bu gün bütün komandalardan iki baş üstündür. Hakimlikdən də narazıyam. Bir az rəqibə simpatiyası hiss olunurdu. Onsuz “Qarabağ”ın gücü bəllidir. Məncə, hakimlər bir az bunu nəzərə almalıdır. Amma hakimlikdən şikayət etmiyəcəm (gülür).
“Qarabağ”ın ustalığı Azərbaycan futbolundan kənardadır artıq. Hər bir komanda onlarla matçda çətinlik çəkir. “Qarabağ” bizim fəxrimizdir, Avroliqada uğurlar arzulayıram”.
“Kəpəz” növbəti turda səfərdə “Turan Tovuz”la üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin