“Hakimlik bərbad vəziyyətdədir, deyiləcək söz yoxdur” – MÜSAHİBƏ
“Şamaxı”nın müdafiəçisi və kapitanı Adil Nağıyevin Komanda.az saytına müsahibəsi:
- Adil bəy, əvvəlcə “Qarabağ”la son oyun barədə fikirlərini bilmək istərdik…
- Çətin oyuna çıxdıq. Motivasiya olunmaq üçün “Qarabağ”ın adı belə, bəs edir. Yaxşı nəticə qazanmaq istəyirdik, alınmadı. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- Komandanız mövsümün 2-ci dövrəsinə uğursuz start verib. Bunu nə ilə əlaqələndirirsən?
- Futbolda bu normal haldır. Heyətimiz elə də böyük deyil, ehtiyat qüvvəmiz demək olar ki, yoxdur. Əsas heyətdə zədəli oyunçular, cəzalı futbolçular var. Bu da komandaya böyük təsir göstərir.
- Tribunadan müşahidələrimizə əsasən, azarkeşlər sənə çox güvənir.
- Azarkeşlərin mənə inanmağını eşitmək əlbəttə, çox xoşdur. Çalışıram hər oyunda komandama xeyir verim, özümü yaxşı tərəfdən göstərim, həm də, formamı qoruyub saxlayım.
- Baş məşqçiniz Ayxan Abbasov son matçlardakı hakim idarəçiliyindən çox narazıdır. Bəs sən bu haqda nə düşünürsən?
- Hər şey göz qabağındadır. Hakimlik bərbad vəziyyətdədir, deyiləcək söz yoxdur.
- Azərbaycan futboluna VAR sistemi də kömək etmir? Ümumiyyətlə, səncə, bizim hakimlər bilməyərəkdən səhvlər edirlər, yoxsa, qərəzli olanlar da var?
- VAR sistemi səhvləri düzəltmək, düzgün qərarlar vermək üçündür. Bizdə isə bu sistemdə oturan hakimlər kobud səhvlər edirlər, səbəbini isə bilmirik.
- Rəhbərlik cari mövsümdə qarşınıza hansısa hədəflər qoyub? Ümumiyyətlə, “Şamaxı”nın bu mövsüm hədəfi nədir?
- Bu mövsüm hədəfimiz Premyer Liqada qalmaqdır. Çalışacağıq ki, hər oyunda maksimum xal qazanıb yuxarı pillələrdə qərarlaşaq.
- Əvvəllər Azərbaycan millisinə dəvət alırdın. İndi də milliyə çağırılmaq üçün can atırsan?
- Əlbəttə. Mən də milli komandanın şərəfini qorumaq, orada olmaq istəyirəm. Hər oyun özümü ən yaxşı tərəfdən göstərməyə çalışıram ki, millinin baş məşqçisinin diqqətini cəlb edim.
- Azərbaycan millisi Millətlər Liqasındakı oyunların hamısında uduzdu və çox tənqid olundu. Səncə, milli komanda ilə bağlı nə baş verməlidir ki, yaxşı nəticələr olsun?
- Milli hər kəsin komandasıdır. Oyunlarına baxırıq, ürəyimiz ordadır. Dəstək oluruq, istəyirik ki, qələbələr qazanıb bizi sevindirsin. İnanıram ki, bu, yaxın gələcəkdə baş verəcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin