“Hakimlər bunu öz işlərini rahatlaşdırmaq üçün edirlər” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, “kimyaçılar”ın çalışdırıcısı 1:3 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. Yeni gələn oyunçular üçün bir az çətindir. “Sabah”ı ilk dəfədir görürlər. Top rəqibdə olanda da nə etməli olduğumuzu bilirdik. Futbolçuları təbrik etdim. 4 gündən sonra təxirə salınmış oyunumuz olacaq. Bizi məyus edən İsa Sulimanın zədələnməsidir. Zədəsi ciddi olsa, onu layiqincə əvəz edən olacaq.
Artıq hakimlər hər sözə sarı vərəqə verirlər. Məşqçi sözünü deməlidir. Biz də oyunun içindəyik. Fikriniz nədir sizin? Bəzi şeylərdə güzəşt olmalıdır. Bunlar oyunun bir hissəsidir. Öz işlərini rahatlaşdırmaq üçün edirlər. Ümumi olaraq bu gün hakimlik pis deyildi. Mənim sarı vərəqə görməyim normaldır. Bu, birinci dəfə deyil. Bundan sonra da olacaq.
Narazı qaldığım məqamlar var. 4 gündən sonra bu rəqiblə yenə oyunumuz var deyə, onları deyə bilmərəm. Bəzi futbolçuların üzərində dayanacağam. İndi adlarını çəkmirəm.
Mənim oyunçumun dizi ağrıyırsa, bu, vaxt aparmaq deyil. Öz futbolçuları oyundan sonra yaxınlaşıb soruşur ki, məşqçiyə nə deyirdin? Cənab baş məşqçi, kimisə qınayırsızsa, yadınıza bir hadisəni salım. Mən “Neftçi”də baş məşqçi olanda “Sabah” bizi 2:0 udurdu. Həmin oyunu 2:2-yə gətirdik. Hondanın təmiz qolu satılmadı. Bu vaxta qədər Azərbaycan çempionatının ən mükəmməl vaxt uzadanı Saşa Stamenkoviç idi. O da “Sabah”ın qapıçısı olub. Onda “CBC Sport”un ekspertləri məni qınadılar ki, nədən narazısan? Udmaq istəyirlər, vaxt aparırlar. Halbuki, qol vurub önə çıxmışıq. Onda hətta öz klubumuzun rəhbərliyi də dedi ki, niyə hakimdən danışırsan. Bu gün belə danışıqlar düzgün deyil. Mən “Sumqayıt”a yeni gəldiyim zamanlarda vaxt apardığı üçün komandadan futbolçu qovmuşam, cərimələr yazmışam. Mənim komandam heç bir zaman vaxt aparmayıb. Bunu edən rəqiblərə də heç nə deyə bilmərəm. Hansı ki, bu gün “Sabah” edir”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin