“Hakimlər rəqibə sərt oynamağa imkan verdilər, bizə isə yox” – Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 3-cü turunda doğma meydanda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Bu gün çıx yaxşı oyun göstərdik. Bərpa olunmaq üçün vaxtımız az idi. 120 dəqiqə oynayıb “Partizan”a məğlub olmaq futbolçular üçün psixoloji cəhətdən çətin oldu. Buna baxmayaraq, özlərində güc tapdılar. Məzmunlu oyun göstərdik. Komanda üç xal qazanmaq üçün əlindən gələni etdi. Bu gün futbolçuların heç birini qınaya bilmirəm. Əlimizə düşən qol fürsətlərini dəyərləndirə bilmədik. Bir səhv bizə baha başa gəldi.
Rəqibin oyunu tez başlamasına mane oldum. Buna görə də hakim qırmızı vərəqə göstərdi. Amin Seydiyevi sakitləşdirmək istəyirdim, itələmək istəmirdim. Çünki, sarı vərəqə almışdı. 85-ci dəqiqədə qırmızı vərəqə aldım. Qalib gəlmək istəyirdim. Rəqibin baş məşqçisi ilə dalaşmadım.
Deyirsiz ki, Murad Musayev həmişə qırmızı vərəqə görür. Ola bilər ki, qanımda nəsə maddə var, tam bilmirəm. Azərbaycanda hakimliyin səviyyəsinin bir qədər yaxşı olmasını istəyərdim. Bu gün hakimlik birtərəfli idi. Rəqibə sərt oynamağa imkan verdilər, bizə isə yox.
Komandanın əsas kapitanı Elvin Camalovdur. O, hazırda zədəlidir. İkinci kapitan Abdullaye Ba idi. Onun gedişindən sonra hələ ki, seçim etməmişik. Kimdə liderlik keyfiyyəti varsa, kapitanlığı ona veririk. Bəzən elə futbolçular var ki, öz liderlik keyfiyyətləri ilə fərqlənir. Onlardan biri də Sofian Çakladır. Buna görə də kapitanlıq bazübəndini “Partizan”la oyunda ona verdik”.
Bizi Facebook-da izləyin