“Hakimlər getdikcə “texnoloji oyuncağ”a çevrilirlər” – Tahir Süleymanov
Böyük müzakirələrə səbəb olan Qətərdə keçirilən dünya çempionatında artıq 2-ci tura start verilib. Qətərin təşkilatçılığı, FİFA tərəfindən futbolçulara qoyulan müəyyən qadağalar və s. məsələlər həm mundialaqədərki dövrdə, həm də çempionatın startından sonra çox müzakirə edildi, edilir. Lakin hər çempionatda olduğu kimi, hakimlik məsələsi də əsas müzakirə obyektidir. Matçların əsas hissəsinə əlavə edilən vaxtın çox olması, mübahisəli penaltilər, müəyyən epizodlarda VAR sisteminə baxılmaması və s. hakim idarəetməsini önə çıxarır.
Mundialın təşkilatçılığı, hakim idarəçiliyi, tətbiq olunan texnologiyaların keyfiyyətə təsiri barədə sabiq FİFA referesi Tahir Süleymanovun fikirlərini öyrəndik. O, Komanda.az-a açıqlamasında mundialın təşkilinin, müxtəlif yeniliklərin tətbiqinin digər bütün məsələlərlə bir-birinə təsir edən, tamamlayan amillər olduğunu bildirdi:
“Nə qədər Qətərə çempionatın həvalə edilməsi müzakirə edilsə, obyektiv, subyektiv fikirlər səsləndirilsə də, anti-təbliğat aşırı dərəcədədir. Ölkənin kiçikliyi, iqlim şərtlərinə görə vaxtın dəyişdirilməsi, əhali sayının azlığı müzakirələrə səbəb oldu. FİFA-nın çox sərt tələbləri var, mundialın təşkili çox böyük məsrəflər tələb edir. Artıq ənənə halını alıb, böyük, imkanlı dövlətləri çıxmaq şərtilə, bəzi hallarda çempionatın keçirilməsi iki ölkəyə həvalə edilir. Bu baxımdan, balaca, ciddi futbol ənənələri olmayan bir ölkədə belə bir mötəbər yarışın keçirilməsi birmənalı qarşılanmadı”.
Süleymanovun fikrincə, Qətər təşkilatçılıq baxımından yetəri qədər yaxşı işlər görüb və ümumiyyətlə, mundialla bağlı ölkə, mövsüm dəyişikliyi müsbət haldır:
“Maliyyə problemi olmadığı üçün Qətər dövləti fantastik vəsait xərclədi. Yeri gəlmişkən, 200 milyarddan artıq ayrılan pullar da informasiyasızlıqdan çox müzakirə edilir. Maliyyənin 15-20 faizi futbolyönümlüdür. Qətər dövləti mundialdan istifadə edərək ölkə infrastrukturunu yenidən qurdu. Bütün tələblərə cavab verən stadionlarla, saysız-hesabsız məşq meydançaları ilə yanaşı, hava limanları, metro, otellər, yollar, hətta yeni şəhər salındı. Bütün bunlar ölkənin inkişafını, gələcəyini təmin edir. Mundialın ilk günləri də göstərir ki, möhtəşəm işlər görülüb və iştirakçılar təşkilatçılıqla bağlı öz razılıqlarını bildirirlər. Çempionatın bir-birinə yaxın beş şəhərdə keçirilməsi yığmalara, turistlərə, azarkeşlərə də sərfəlidir, uzun məsafələrə əlavə vaxt getmir, vəsait xərclənmir, futbolçuların hazırlığına, bərpasına daha çox imkan yaranır. Eynilə, ilk qrup oyunları onu göstərir ki, mundialın payız-qış aylarına keçirilməsi də komandalar arasında balansı daha da artırıb, futbolçular pik formalarına yaxındırlar, yayda olduğu kimi, futbolçular transfer söhbətlərindən uzaqdırlar, psixoloji olaraq oyunlara rahat çıxırlar”.
Hakimliyə gəlincə, Tahir bəy qeyd etdi ki, hakimliklə bağlı məsuliyyətli iş qarşıdadır, lakin ilk səhvlər də artıq müzakirədədir:
“Hələ ki, ilk turlardır, kəşfiyyat xarakterli oyunlar gedir, bəzi sensasiyalı nəticələr qeydə alınır, heç-heçələrin sayı həddindən artıq çoxdur. Növbəti turlarda qrupları adlamaq yolunda “ölüm-qalım” savaşı başlayacaq və referilərin məsuliyyəti pik həddə çatacaq. Müasir futbola müdaxilələr həddindən artıq çoxdur. İdarəçilik adına futbola texnoloji yanaşma aşırı dərəcədədir. Mundialda bu yöndə yeniliklər tətbiq edilir, VAR sistemi yarıavtomatlaşdırılır”.
Keçmiş referi oyunların əsas vaxtına artırılan əlavə dəqiqələrin çox olmasına da münasibət bildirib:
“Artırılmış dəqiqələrin çoxluğu da “yeniliklərdən” biridir və heç də özünü doğrultmur. Futbol idarəçiliyini bu qədər şablonluğa yönəltmək, robotlaşdırmaq yolverilməzdir. Yersiz eksperimentlər futbolun gözəlliyinə faktiki və psixoloji olaraq mənfi təsir edir. Ofsaydlarla bağlı “millimetr” düşüncəsinə, açıq oyundankənar vəziyyətlərdə “sona kimi oynat” yanaşmasına son qoyulmalıdır. Bu, futbolun estetik gözəlliyinə, baxımlılığına xələl gətirməklə yanaşı, futbolçuların əlavə, aşırı, yersiz güc sərf etməsinə gətirib çıxarır. Təsəvvür edin, qapıdan 50 metr uzaqda açıq ofsayddır, epizod davam etdirilir, futbolçular enerji sərf edir, ikili mübarizələr yaranır, bu anda istənilən zədə, sarı, qırmızı vərəqə halları baş verə bilər və epizodun sonunda hamının böyük ölçüdə öncədən bildiyi ofsayd qərarı verilir və xərclənən güc hədər gedir. Oyun ərzində 3-5 dəfə belə vəziyyətlərin yaranması futbolçuların vaxtından tez yorulmasına zəmin yaradır. Müasir sürətli futbolda bunlar yolverilməzdir”.
Süleymanovun fikrincə, bu vəziyyətdə hakimlər qınanmamalıdır, məsuliyyət əsas qurumdadır:
“Çünki FİFA-nın tələbi belədir. Beynəlxalq qurum idarəçiliyi yaşıl meydandan VAR otağına daşımaqla, referilərin, ümumilikdə hakimlər briqadasının səlahiyyətlərini əlindən alır və hakimlər getdikcə “texnoloji oyuncağ”a çevrilirlər. VAR-a bu qədər alüdə olmaq, futbolun sabahını hakim idarəçiliyi adına şübhə altına alır. Sözsüz, VAR sistemi müəyyən obyektivliyə səbəb olur, bu da əsasən ofsayd epizodlarında yüz faiz keçərlidir, digər penalti və qırmızı vərəqə hallarını bu dərəcədə kompüter həll edə, “xətkeş”lə xətlər çəkilə bilməz. İstənilən halda, referi, VAR otağında insan faktoru önə çıxır”.
Süleymanov texnologiyanın insan əməyini heç bir halda tam əvəz edə bilməyəcəyi qənaətindədir:
“Futbol qaydalarındakı boşluqlar, daha doğrusu, təbiilik, penalti, “qırmızı” anlayışında birmənalı qərarları şablon, texniki üsullar təmin edə bilməz. VAR-ın axtarıb tapdığı Messinin, baş hakimin təyin etdiyi Ronaldonun bəsit penaltiləri bir daha göstərir ki, FİFA hakimlik mövzusunda doğru istiqamət götürməyib və texnoloji müdaxilələr idarəçilik problemlərini aradan qaldırmayıb. Yuxarıda qeyd olunduğu kimi, referi-VAR idarəçiliyinə qarşıdakı oyunlardan sonra daha dolğun münasibət bildirmək mümkündür. Hələ ki, komandalar psixoloji olaraq xalları saymır, növbəti oyunlarda şanslarını gözləyirlər”.
Dünya çempionatındakı belə hakim idarəçiliyinin fonunda bu sual ortaya çıxır: Azərbaycanlı hakimlərdən kimlərsə mundialda oyun idarə edə bilərdilərmi? Ümumiyyətlə, azərbaycanlı hakimlərin səviyyəsi belə bir məsuliyyətin öhdəsindən gəlməyə imkan verirmi? Mundialın hakim idarəçiliyini dəyərləndirən Tahir Süleymanovdan yerli hakimlər barədə də soruşduq:
“Azərbaycan hakimlik məktəbi dünyada öz yeri, tarixi, nüfuzu ilə seçilir. Çox az ölkə referilərinin dünya çempionatı, Olimpiya oyunları, UEFA, Qitələrarası kubok finallarında idarəçiliyi ilə öyünə bilər. Əvvələr və müstəqillik illərimizdə də gənclər, yeniyetmələr arasında Avropa və dünya çempionatlarında təmsil olunmuşuq. Millimiz kimi, hakimlərimiz də yaradılan şəraitə uyğun bu illər ərzində final mərhələsində təmsil olunmalıydılar. Bəs bu niyə olmadı? Bunun səbəbləri AFFA-ya, ölkə futbolunun yarıtmaz idarəçiliyinə gedib çıxır. Futbolla hakimlik bir-birinə sıx bağlı olan, təkan verən, paralel addımlayan sahələrdir. Necə ki, klublarımızın son illərdə qruplardakı uğurları hakimlərimizə olan inamı artırdı və Avropa klub səviyyəsində mötəbər yarışlara cəlb edilirlər. Təəssüf ki, milli səviyyəsində heç bir uğur qazanılmayıb”.
Tahir bəy bildirir ki, referilərimizin elit kateqoriyaya yüksəlməsi üçün lazım olan şans artıq var:
“Hakimlərimizlə bağlı ən uyğun zaman Azərbaycanda da keçirilmiş son Avropa çempionatı idi. Ev sahibi ölkə kimi müəyyən işlər görülə, hakimlik sahəsində irəliləyişə nail oluna bilərdi. Stuxlik və havadarlarının başıpozuqluğu tək daxildə deyil, hakimlərin beynəlxalq səviyyədə inkişafına böyük zərbə vurdu. Azərbaycanın istedadlı referiləri bütün illərdə dünya çapında istənilən oyunu yüksək səviyyədə idarə etməyə layiq olublar. Qətərdəki mundialın hakim idarəçiliyi keyfiyyəti bunu bir daha sübut edir!”
Söhbətləşdi: Aygül QARAYEVA
Bizi Facebook-da izləyin