PFL rəsmisi qalmaqallı oyun haqda: “Həqiqətən, hakim səhvi var idi”

Ötən gün Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ” doğma meydanda “Sabah”ı qəbul etdi. (4:3) 7 qol, 1 qırmızı vərəqə, 2 penaltinin qeydə alındığı oyunda hakimlərin idarəçiliyi ciddi etirazlara səbəb olub. Oyunu idarə edən İnqilab Məmmədov və onun briqadasının bir neçə oyunluq cəzalanmasını tələb edənlər də var.

Bu məsələlərlə bağlı Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyevin fikirlərini öyrəndik. PFL rəsmisi Komanda.az-a açıqlamasında, hakim səhvlərinin futbolun bir hissəsi olduğunu deyib:

“Dünən keçirilən “Qarabağ” – “Sabah” oyunu çox gözəl qarşılaşma oldu. Görüşdə istək, mübarizə, əzmkarlıq, bir sözlə, hər şey var idi. Məncə, bu məqamları qabardaraq, çempionatımızda bu tip oyunların çox olmasını arzu etməliyik. Amma etiraf etmək də lazımdır ki, qeyd etdiyiniz epizodda həqiqətən, hakim səhvi var idi, aut səhv qeydə alınmışdı. Hakim səhvləri də futbolun bir hissəsidir, ümid edək ki, növbəti turlarda belə səhvlər qeydə alınmayacaq”.

Şahgəldiyev “Qarabağ”ın sonuncu qolundan öncə yerinə yetirilən aut epizoduna VAR sisteminin müdaxilə etməməsinə də münasibət bildirib:

“VAR sistemi aut atışına baxmır. Düzdür, qol zamanı VAR-da APP (“Attacking possession phase” – hücumun başlanma fazası) da yoxlanılır. Auta APP-də baxılmır. Yəni ki, hücumun başlanması autdan sonra (top meydançaya daxil olduqdan sonra) götürülür. Həmin hücum da məhz topun yan xətdən meydana daxil olması ilə başlayır, topun meydanı tərk etməsi ilə deyil”.

Vitse-prezident dünənki oyunu stadiondan izləyə bilmədiyi üçün hakim səhvləri ilə bağlı məsələyə tam münasibət bildirə bilməyəcəyini deyib:

“Çox təəssüf ki, mən dünənki möhtəşəm oyuna baxa bilməmişəm, yalnız qarşılaşmanın videoicmalını izləmişəm. Çünki dünən eyni zamanda “Sumqayıt” – “Şamaxı” matçı var idi və mən həmin oyunda AFFA nümayəndəsi idim. Hakim haqqında fikir bildirməyim üçün görüşə tam və stadionda baxmağım önəmlidir. Qeyd etdiyiniz kimi çox ciddi hakim səhvləri olubsa, bu məsələ Hakimlər Komitəsi tərəfindən araşdırılacaq. Təbii ki, çox istərdim heç bir oyunda hakim səhvi olmasın. Özüm də “Karvan” futbol klubunda çalışan zaman hakim səhvləri olurdusa, bu bizə pis təsir edirdi. Lakin nəinki bizdə, ümumiyyətlə, bütün dünyada hakimin səhv etməməsi mümkünsüzdür. VAR sisteminin də bu ildən çempionatımızda tətbiq olunmasının əsas səbəbi mümkün hakim səhvlərinin minimuma endirilməsidir. Hakimlər Komitəsi ilə də bu yöndə mütəmadi görüşlərimiz olur, çalışıb hakim səhvlərini mimimuma endirmək lazımdır”.

PFL rəsmisi VAR sisteminin çəkilişi haqqında da danışıb:

“Çəkilişlərlə bağlı “CBC Sport” kanalının rəhbəri Volkan Üstlə ötən həftə görüşümüz oldu. Bizi narahat edən məqamları diqqətinə çatdırdıq. O görüşdən sonra müəyyən problemlər artıq aradan qaldırılıb, bəzi məsələlər də yaxın zamanda həll olunacaq. Əslində çəkilişdəki problemlərə görə təkcə “CBC Sport”un tənqid olunmasının tərəfdarı deyiləm. Çünki Misli Premyer Liqasının keçirildiyi bəzi stadionlarda çəkiliş yerləri o qədər də uyğun deyil, bundan əlavə, projektor olmayan stadionlarda gündüz vaxtı çəkiliş aparmaq çox çətindir. Xüsusən, kameraların üzərinə gün işığı düşürsə, bu zaman yayımçıdan keyfiyyətli çəkiliş tələb etmək doğru deyil”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button