Hafiz Məmmədov Arda Turanla görüşdü
Fəaliyyətini dayandırmış “Bakı” Futbol Klubunun prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov “Qalatasaray”ın heyətində Avroliqanın ikinci təsnifat mərhələsində “Neftçi” ilə oyun üçün Bakıya gələn Arda Turanla görüşüb.
Komanda.az xəbər verir ki, görüş “Qalatasaray”ın paytaxtımızda olduğu müddətdə məskunlaşdığı Alov qüllələri – “Hotel Fairmont Baku”da keçirilib.
Ardanın daha əvvəl çıxış etdiyi “Atletiko” ilə “Bakı” arasında əməkdaşlıq mövcud olub. “Land of fire Azerbaijan” forması ilə meydana çıxan “Atletiko”ın futbolçusu kimi Arda bu əməkdaşlıq çərçivəsində bir neçə dəfə ölkəmizdə olub. Təxminən yarım saat davam edən görüş zamanı Hafiz Məmmədov və Arda Turan ötən günlərini xatırlayıblar, keçmiş xatirələri bölüşüblər. Görüşdən sonra Arda Turan bunları deyib:
“Hafiz bəyi uzun illərdi tanıyıram. O, bizim dəyərlimizdir. “Bakı” ilə “Atletiko” arasındakı əməkdaşlıq zamanı dostluğumuz yarandı. Hafiz başqandan hər zaman xüsusi qayğı, diqqət görmüşəm. Bilirəm ki, Hafiz Məmmədov təkcə Azərbaycan futbolu üçün deyil, ölkə adına böyük işlər görüb. Elə təkcə “Land fire of Azerbaijan” brendini xatırlamaq kifayətdir. Onu görmək mənim üçün çox xoş oldu. Deyiləndə ki, Hafiz bəy otelə gəlib çox sevindim. Son illər Bakıya gələ bilməsəm də, daim həm Hafiz bəylə, həm övladları ilə telefon vasitəsi ilə əlaqə saxlayırıq”.
“Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”ni məğlub edərək (3:1), növbəti mərhələyə yüksəlib.
Bizi Facebook-da izləyin