Hacı və Yusif ermənilər üzərində qələbə ilə Avropa çempionu oldu
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Bəşir Verdiyev (48 kq) son saniyələrdə qələbəni əldən verib. Güləşçimiz gürcüstanlı Gegi Onianiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.
Hacı Kərimov (55 kq) əvvəlcə türkiyəli Hacı Zadəyə tam üstünlüklə qalib gəlib – 10:0. 1/4 finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin mübarizə şəraitində keçib. Yekunda 12:10 hesablı qələbə Kərimovu yarımfinala daşıyıb. Milli üzvü yarımfinalda fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırıb. Hacı həlledici görüşdə ermənistanlı Samvel Gevorqyanla üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.
Mirzəağa Axundov (65 kq) debütdə isveçrəli Aaron Zberqə 11:0 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Rəmzi Temura müqavimət göstərə bilməyib – 0:12. Rəqib finala yüksəldiyi üçün Axundov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Həmyerlimiz bolqarıstanlı Erdal Qalipi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırıb. Mirzəağa bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kambayevə heç bir şans tanımayıb (12:2) və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Şeyxəli Babazadə (80 kq) startda polşalı Bartlomey Novakovskiylə bacarmayıb – 4:9.
Yarışa 1/4 finaldan başlayan Yusif Dursunov (110 kq) belaruslu Yaraslav Koxanı “tuş”la yolundan kənarlaşdırıb. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda türkiyəli Arda Güləri də vaxtından əvvəl məğlub edərək (11:0) 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Dursunovun finalda rəqibi ermənistanlı Henrik Haykyan olub. Gərgin mübarizə şəraitində keçən görüşdə xalların keyfiyyətinə görə (4:4) qələbə qazanan Ağstafa güləş məktəbinin yetirməsi titulunu qoruyub.
Bizi Facebook-da izləyin