Hacı Əliyev yeniyetmə güləşçilərə master-klass keçib
Azərbaycanda yeni yaradılan güləş klublarından biri də “Azsport”dur.
Komanda.az xəbər verir ki, 2022-ci ildə əsası qoyulmuş idman klubu ötən ildən Azərbaycan Güləş Federasiyasının (AGF) maddi dəstəyi ilə fəaliyyətini bir qədər də genişləndirib.
Biləcəri qəsəbəsində yerləşən “Azsport”da sərbəst güləş üzrə ödənişsiz məşqlər keçirilir. Hal-hazırda məşqçilər Orxan Kərimov, Azər İsayev və İbrahim Hadıyevin rəhbərliyi altında 70-ə yaxın yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.
Bu idman növünə marağı və motivasiyanı daha da artırmaq məqsədilə ikiqat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev “Azsport” klubunda master-klass keçib. Paris Olimpiadasından sonra karyerasını başa vuran H.Əliyev klubun üzvlərinə müxtəlif fəndlərin icrasını nümayiş etdirib və onlara öz tövsiyələrini verib. AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərovun da iştirak etdiyi tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Bizi Facebook-da izləyin