“Hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq” – Zeki Gül
Sərbəst güləş üzrə Azərbaycan yığması Fərdi Dünya Kubokuna Türkiyədə hazırlığı davam etdirir.
Komanda.az xəbər verir ki, komandamız Türkiyənin həm sərbəst, həm də yunan-Roma güləşi üzrə millilərinin toplanış keçdiyi Almadağ təlim-məşq bazasında hazırlıq keçir.
Güləşçilərimiz baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında plana uyğun şəkildə məşqləri davam etdirir.
Yeri gəlmişkən, Türkiyə Güləş Federasiyasının (TGF) vitse-prezidenti Zeki Gül təlim-məşq bazasına baş çəkib və komandamızla görüşüb. O, çıxış edərək hər iki ölkənin güləşçilərinə Fərdi Dünya Kubokunda və Olimpiya Oyunlarında uğurlar arzulayıb:
“Olimpiadalarda, Avropa və dünya çempionatlarında şahid oldum ki, azərbaycanlı güləşçilər türkiyəli idmançıların uğurlarına öz qələbələri kimi sevinir. Biz də Azərbaycanın hər idmançısının uğuruyla qürur duyuruq. Türkiyə Güləş Federasiyası olaraq hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Bu birlik bundan sonra daha da güclənəcək. Bildiyiniz kimi, dünya çempionatı ləğv olundu. Təlim-məşq toplanışı 12-18 dekabr tarixlərində Serbiyada keçiriləcək Fərdi Dünya Kubokuna hazırlıq xarakteri daşıyır. Həm bu yarışda, həm də Olimpiadada Türkiyə və Azərbaycan idmançılarına uğurlar arzulayıram”.
Bizi Facebook-da izləyin