“Hər oyunu səfərdə keçirmək komandaya təsir edir”
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 31-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Baxımlı futboldan söhbət gedə bilməz. Amma çalışırdıq ki, səfərdə xal qazanaq, qalib gələk. Epizopdlarımız da oldu, qələbə qazana da bilərdik. Mübarizə apardıq. Liderlər də Şamaxıda çətinlik çəkib. Onlar çox hərəkətlidir. Birinci hissədəki qol epizodunu vursaydıq, nəticə fərqli ola bilərdi. Bu gün qazanılan bir xal da Premyer Liqada qalmaq üçün önəmlidir. Komandamda yorğunluq var. Hər tur səfərə gedirik. Yol yorğunluğu özünü göstərməyə başlayır. Bu da təbii prosesdir. Biz Gəncədə daha aqressiv olurduq. Qəbələdə də “Turan Tovuz”la 1:0-dan sonra hesaba oynadıq. Bu gün də çətinlik çəkdik. Səfərdə oynamaq komandaya təsir edir. Futbolçulara təşəkkür edirəm. Qarşıda oyunlarımız var. “Sumqayıt”la da oyunumuz olacaq. Hər qələbə bizim Premyer Liqada qalmağımıza kömək edir.
Salif Sissenin böyük karyerası olub. “Neftçi” ilə matçda yaxşı oyun nümayiş etdirdi. Psixoloji baxımdan özünə qapanması var. Ona görə tam potensialını aça bilmir. Bütün futbolçularıma güvənirəm. Ehtiyatdakı Arzu Atakişiyevə də güvənirəm. Sisse gəlibsə, liderə qarşı yaxşı oynayırsa, demək ki, güvənməli biridir.
Abdullahi Şuaybunu komandada saxlaya biləcəyikmi? Özüm qalsam, Şuaybu da qalacaq.
Maaşlara gəlincə, yolda olanda məvaciblərimiz köçdü. Artıq problemimiz yoxdur”.
Bizi Facebook-da izləyin