“Hər oyunda 2:0, 3:0 hesablı qələbə istəyirəm, amma…” – De Byazi
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveç yığmasına qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, italyan mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında sabahkı matçla bağlı bunları söyləyib:
“İsveç FİFA reytinqində 23-cü yerdədir, biz isə aşağı pillələrdəyik. Buna baxmayaraq, heç kim deyə bilməz ki, meydanda əlimizdən gələni etmirik. Ürəyimizi ortaya qoyuruq. Müdafiədə və ya hücumda səhvlər edirik, bu, bizə baha başa gəlir. Beş komandanın yer aldığı qrupda Azərbaycan yığması tarixində ilk dəfədir ki, 4-cü pillədədir. Sabahkı matçda da uğurlu nəticə qazanmağa çalışcağıq”.
O, sabahkı görüşdə qapıda Şahruddin Məhəmmədəliyevin dayanacağını bildirib:
“Rəşad Əzizlini də bəyənirəm, gəncdir, gələcəkdə bizə kömək edə bilər”.
Baş məşqçi Azərbaycan millisində çalışdığı 3 il ərzində çox dəyişikliklər olduğunu söyləyib:
“Biz maksimum gücümüzdən də artığını edirik. Təbii ki, hər oyunda 2:0, 3:0 hesablı qələbə istəyirəm. Amma rəqibləri də nəzərə almaq lazımdır. Belçika və Avstriyaya qarşı çox yaxşı oynamışıq”.
İtaliyalı çalışdırıcı 27 futbolçuya dəvət göndərməsinin səbəbini də açıqlayıb:
“Heyətdə yalnız Emil Səfərovun ayağında problem var. Bu barədə “Qəbələ”nin baş məşqçisi ilə danışmışam. Əla futbolçudur, gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabah oynamayacaq. Belçika ilə matça hazır ola bilər. Qısa müddətdə iki ağır oyunumuz olacaq. Hamıya şans verməyə çalışacam. Hər iki qarşılaşmada gücümüzü 110 faiz meydanda qoymalıyıq. 27 nəfər çağırmağımın səbəbi odur ki, 4 nəfər sarı vərəqə limitindədir. Onlardan kimsə sarı vərəqə alsa, növbəti görüşü buraxacaq”.
Baş məşqçi qələbə təqdirində qrupda 3-cü pillədə yer alan İsveçə çatacaqlarını xatırladıb:
“Sabah qələbə qazansaq, İsveçi haqlayacağıq. Bunu reallaşdırmağa çalışacağıq. Ardından qrupdakı son görüş barədə düşünəcəyik”.
De Byazi yığmanın yaxşı hücumçulara malik olduğunu vurğulayıb. O, İsveç çempionatında uzun müddətdir qol vura bilməyən Musa Qurbanlı ilə bağlı sualı da cavablandırıb:
“Təkcə hücumçulardan yox, hamıdan qol gözləyirəm. Qol mental məsələdir. Hücumçu rəqibin qapısına yaxın olduğu üçün qol vurmaq şansı çox olur. Yaxşı hücumçularımız çoxdur. Musaya çox ümid bəsləyirik, gənc oyunçudur. Azərbaycandan kənarda yeni təcrübəyə başlayıb. Cərimə meydançası daxilində qol hissiyatı var. Ümid edirəm ki, sabahdan başlayaraq bu tendensiya artar”.
Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan milli komanda 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.
Bizi Facebook-da izləyin