“Hər iki komanda qalib gələ bilərdi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib.

“Futbolçularıma təşəkkür edirəm. Son dəqiqələrdə tam istədiyim oyun oldu. Oyunu iki hissəyə bölərdim. İlk hissədə və ikinci hissənin əvvəlində temp aşağı idi. Rəqib də buna səbəb oldu. İlk dəqiqələrdə fərqli oyun üslubu seçmişdi. Bizim futbolçular da o tempə öyrəşdilər. İkinci hissədə azarkeşlər üçün daha maraqlı futbol oldu. Rəqibin hücum xətti çox bacarıqlıdır. Bu gün hər iki komanda qalib gələ bilərdi. Bəlkə də ədalətli nəticə bərabərlikdir. Ağır qrafikdəyik. Futbolçularda bir az yorğunluq hiss olunur.

“Qəbələ” ilə kubok matçında da heyətlə bağlı dəyişikliklər etmişdik. Futbolçulara görə bir az ehtiyatlanırıq. Kevin Medina fiziki cəhətdən ən hazırlıqlı oyunçularımızdan idi. 2 oyunu 90 dəqiqə oynadı və əzələ problemi oldu. Avrokubok oyunlarında temp başqadır. Bu gün bəlkə də hücum xəttini gücləndirməli idim, amma Bədavini Bəhlulla əvəzlədim. Heç bir futbolçunu ritmdən salmaq istəmirik. Futbolçuların durumuna görə belə addım atmışdıq.

Futbolçuların “Elfsborq”la oyuna hazır olması lazımdır. Biz bu rəqibi tam təhlil etdikdən sonra nəsə deyə bilərik. Hələ iki məşqimiz olacaq. Sırf onlarla matçın oyun planı üçün bu gün nəsə etmədik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button