“Hər iki klubun adı iddialı səslənir” – Sənan Qurbanov
“Qəbələ” klubu yeni mövsümün hazırlıqlarını davam etdirir.
Komanda.az xəbər verir ki, dörd gündür Qəbələ şəhər stadionunda məşq edən “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov klubun saytına açıqlamasında komandanın hazırlıqlarını dəyərləndirib:
“Hazırlıq prosesinin gedişindən razıyam. Hər şey yaxşı gedir. Yeni mövsümə plan üzrə hazırlaşırıq. Heyətimizdə gənc futbolçularımız var. Yeni transferlərin bizə qoşulmasını gözləyirik. Futbolçular həm toplu çalışmaları icra edirlər, həm də fiziki hazırlıq üzərində çalışırlar. Bir gün 1, ertəsi 2 məşq ardıcıllığı ilə hazırlıqları davam etdiririk. Bu proqrama əsasən güc, sürət, ümumiyyətlə hər şey üzərində çalışırıq. İyulun 23-də ikitərəfli oyunumuz olacaq. Ayın 29-da “Zirə”ylə qarşılaşacağıq. Bu matçlara qədər planlaşdırdığımız müəyyən səviyyəyə çatacağıq. Ümumiyyətlə mərhələ-mərhələ inkişaf etmək fikrindəyik”.
Qurbanov UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkatmasına da toxunub. 39 yaşlı mütəxəssis ilkin mərhələnin “La Fiorita” (San-Marino) – “Enqordani” (Andorra) cütünün qalibi ilə Gürcüstan “Dinamo”su arasında 1-ci təsnifat mərhələsinin matçlarından sonra rəqibin müəyyənləşməsini gözləyir:
“Tbilisi “Dinamo”su favorit kimi göstərilir. Gürcüstan klubu köklü komandadır. Bu rəqiblə əvvəl də qarşılaşmışıq, tanıyırıq. Çalışacağıq ki, oyunun keçiriləcəyi tarixə – iyulun 25-dək optimal formanı yığaq. Düzdür, həmin vaxta maksimum formamızı bərpa edə bilmərik. Lakin qarşılaşmaya optimal formada çıxmağa çalışacağıq. Cütün favoritinə gəlincə, hər iki klubun adı iddialı səslənir. “Dinamo” dünən Gürcüstan kubokunun oyununda məğlub olub. Həmin görüşü izlədik. Analiz də edəcəyik. Onlar ilk mərhələni keçdikdən sonra rəqibimiz olacağı tam aydınlaşacaq. Bundan sonra komanda haqda məlumat toplayacağıq”.
Bizi Facebook-da izləyin