“Hər iki cəbhədə sonadək mübarizə aparmağa çalışacağıq” – Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının 16-cı turunda keçirilən “Zirə” – “Sabah” matçından sonra ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında çıxış edib.

Komanda.az xəbər verir ki, o, komandasının oyunu barədə bunları deyib:

  • Çox gərgin oyun oldu. Həm də maraqlı idi. Çempionatımızda belə oyunlar nə qədər çox olsa, futbolumuz bir o qədər inkişaf edəcək. İlk yarıda hər iki komanda əzmkar mübarizə apardı. İkinci hissədə daha aktiv oynamağa başladıq. Bu da təbii haldır. Hər iki komandanın dinamikası düşdükdən sonra komandalar bir-birinə oynamaq imkanı verirdi. Daha rahat oynamağa başladıq, hücumlarımız alındı. “Sabah” yaxşı komandadır. Çempionatın ən mübariz, pressinq tətbiq edən komandasıdır. Çalışdıq ki, bu gün qələbə qazanaq. Başa düşürdük ki, dünənki nəticələrdən sonra rəqib qələbəyə oynamağa çalışacaq. Vacib qələbə qazandıq. Yolumuza davam edəcəyik.
  • Komandanın gücü hər iki cəbhədə nə vaxta qədər mübarizə aparmağa çatacaq?
  • Proqnoz verməyi xoşlamıram. 4-5 gündən bir oyunlar olacaq. Kubokda da rəqib “Neftçi”dir. Heyətimiz bir az genişdir. Çalışacağıq ki, hər iki cəbhədə sona qədər mübarizə aparaq. Amma hər şeyi zaman göstərəcək.
  • Hamidu Keyta daha çox hücumçu, yoxsa vinger kimi effekt verir?
  • Hər iki mövqedə. Söhbətimiz oldu, dedi əsas mövqeyim soldu. Dedim ki, başa düşürəm, uğurlu olacaq. Davit Volkovla aramızdakı söhbətimizi ona danışdım ki, sağda daha rahat olduğunu demişdi, sonradan forvarda çevrildi. Hər ikisinin driblinqi, sürəti yaxşıdır. Hər iki mövqedə rahatlıqla istifadə edə bilərik.
  • Ağabala Ramazanov özünü narahat hiss etməyə başlayıb?
  • Bizdə heyətdə qıtlıq var idi. Ağabala kapitandır, aparıcı oyunçudur. Rotasiyalar rəqibə, oyuna görə davam edəcək. Planlaşdırmışdıq ki, oyunun dinamikası düşdükdən sonra, təcrübəli futbolçunun meydanda olması önəmlidir. 4-2-3-1 sistemi ilə oynayırıq. Hamıya oynamaq imkanı olacaq, futbolçular da inkişaf edəcək. Cəzalar və zədələrdən biz də sığortalanmamışıq.
  • Davit Volkov mövqeyini ikinci yarıda dəyişdi və daha effektiv oldu. Bu, gələcək oyunlara təsir göstərəcək?
  • Bəli, ikinci yarının ortasında düşündüm ki, Volkovun sürətindən istifadə edib, Keyta ortada daha effektli olar. Bu da öz nəticəsini göstərdi. Bu gün olmasaydı da, ağlımda var idi bu sistem. Volkov və Ağabala cinahlarda, Keyta ortada oynasın. Hər bir futbolçu digərini əvəzləməyə hazır olmalıdır. Heyət tam oturduqdan sonra zədə və cəza olduqca dərhal böyük itki kimi hiss olunur, oyuna təsir edir.
  • Heyət genişdir deyə, start heyəti qurmaq problem deyil?
  • Həmişə düz gördüyümü etməyə çalışmışam. Mövsüm uzundur, tez-tez oynayırıq. Rəqiblər bizi analiz edirlər, istədiyimiz hücumları qurmağa imkan vermirlər. Rotasiyalara çox ehtiyacımız var.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button