“Məsələn, elə Kazbek Tuayevi götürək, neçə yaşı var?” – Müsahibə
Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri, Azərbaycan milli komandasının keçmiş futbolçusu və baş məşqçisi Nazim Süleymanovun Komanda.az saytına müsahibəsi:
- Son günlər təşkilatınızla bağlı sanki susqunluq var. Həmkarlar İttifaqının fəaliyyəti nə yerdədir?
- Fəaliyyətimiz davam edir. Plan üzrə hərəkət edirik, ayda iki dəfə görüşümüz olur. Gələn toplantımız növbəti ayın ilk yarısına təyin olunub. Bu ay bizim üzvlərimizin sıralarına gənclər də qoşulub. Onlarla ayrıca görüş keçirdik. Yeni qoşulanlar olarsa, plandan kənar görüşlərimiz ola bilər.
- AFFA ilə sizin sədri olduğunuz qurum arasında yaranan mübahisə nə yerdədir?
- Vallah, bizim AFFA ilə mübahisəmiz yoxdur. Təşkilatımızın rəsmiləşməsi prosesi davam edir. Sənədlərimizi aidiyyatı qurumlara vermişik.
- Həmkarlar İttifaqının maliyyə qaynağı müzakirə olunur. İddia edirlər ki, sizin arxanızda kimsə durub. Bu məsələyə aydınlıq gətirərdiz.
- Bizə ən uzaq yer deyək ki, Qazaxdır. Ora getməyə görə bir “bak” benzin doldurmaq və 3-4 nəfərlik yemək üçün bizə sponsor lazımdır (gülür)? Vaxtında Azərbaycan futbolunun inkişafına canımızı qoymuşuq, indi 5-10 manat qoya bilməyəcəyik? Baxın, burdan ən uzaq yerə getmək üçün benzin doldurdun, yolda da yemək yedin. İndi buna görə 5-10 manat xərcləməyək?
- Veteranlar İttifaqının sədri Oqtay Abdullayevlə Kazbek Tuayev sizin ünvanınıza sərt ifadələr işlədib. Xüsusilə, Tuayev xoşagəlməz ifadə işlətmişdi…
- “Lider” telekanalı mənimlə Oqtayı debata çağırmışdı. Ancaq sonra bu, baş tutmadı. Mənə zəng vurub dedilər ki, Oqtay gəlmir, birtərəfli olmaz. Sonra “Space” radiosundan zəng gəldi, debat üçün. Oqtay ora da gəlmədi. Oqtay haqda dediklərimi təkrarlamağa ehtiyac yoxdur. Mənim haqqımda nəsə deyəcəksə, bununla mən yox, aidiyyatı qurumlar məşğul olacaq.
- Oqtay Abdullayevin sizdən çəkindiyi üçün gəlmədiyini düşünürsüz?
- Vallah, bunu mən bilmirəm, özündən soruşsaz, daha yaxşı olar. O ki qaldı Kazbek Tuayevə. “Şöhrət” ordenli, prezident təqaüdçüsü, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Kazbek deyəsən, Azərbaycan dilini yaxşı öyrənməyib. Baxmayaraq ki, Azərbaycanda yaşayır. Onun dediyi söz Azərbaycan dilinin atalar sözlərindən götürülüb. Belə deyək, təzə yola çıxan karvan kimdir? Biz. İtlər də təzə çıxan karvanın arxasınca hürər də. Gərək siz jurnalistlər onları başa salardız ki, bu atalar sözü kimə aiddir. Qoy, bu yola çıxan karvan haqda az fikirləşsinlər. Gedib öz işləri ilə məşğul olsaydılar, daha yaxşı olardı. Öz kreslolarını qorumaq üçün tədbir keçirmək yerinə, götürdükləri öhdəlikləri həll etməyə, Azərbaycan futboluna xidmət etməyə çalışsaydılar, daha yaxşı olardı. Bizneslə dövlət orqanının fərqi nədir, bilirsən? Biznesin əsas məqsədi pul qazanmaq, daha doğrusunu desək, gəlir əldə etməkdir. Dövlət orqanının işi isə xalqa xidmət etməkdir. Qoy onlar getsinlər öz biznesləri ilə məşğul olsun. Bunlar haqda bu qədər deyirəm.
- “Qarabağ”ın Avropa Liqasındakı şanslarını necə görürsüz? Sizcə, səfərdə APOEL-ə qalib gəlmək üçün nə etmək lazımdır?
- Qələbə üçün yaxşı hazırlaşmaq lazımdır. Biz onlara inanırıq. Təəssüf ki, evdə xal itirdik, xal itirməsəydik, 99 faiz qrupda 2-ci yeri təmin edərdik. “Qarabağ” Çempionlar Liqasında səfərdə APOEL-i udub, burda məğlub olmuşdu. Səfərdə qələbə qazansaq, şans bizdədir. İndiki halda da şans bizimlədir. Ən əsası, səfərdə məğlub olmamaqdır. Bunu bacarsaq, Avroliqanın qrup mərhələsindən çıxarıq. APOEL-lə oyunda çox gözəl azarkeşlər vardı. Deməli, azarkeşlər futbolu – gözəl futbolu sevir. Gözəl futbol olsa, azarkeşlər də oyunlara gələcək. Biz hamımız “Qarabağ”ı dəstəkləyirik.
- “Qarabağ”ın ikinci dəfə APOEL-ə Bakıda qalib gələ bilməməsinin səbəbini nədə görürsüz?
- Qıraqdan biz oyunun nəticəsinə və gedişatına fikir veririk. Qol epizodlarımız da oldu. Öz meydanında iki qol vurmaq çox yaxşıdır, ancaq iki qol buraxmaq pisdir. Bu, nədənsə xəbər verir. Standart vəziyyətlərdə ehtiyatlı olmalıyıq. Səfərdə də ən azı məğlub olmamalıyıq.
- APOEL-lə oyunda Rəşad Sadıqovun səhvi müzakirələrə səbəb oldu. Rəşadın karyerasını bitirməli olduğunu deyirlər…
- Karyerasını bitirmək futbolçunun özünə aiddir. Biz çox söz deyə bilərik. Avropada rəqiblər belə səhvləri bağışlamırlar. Belə səhvləri hansı oyunçu, hansı komanda etsə, tez cəzalandırırlar. Belə xətalar Bakı Premyer Liqasında bəlkə keçər, amma Avropada yox.
- Premyer Liqadan söz düşmüşkən, bu tur “Neftçi” – “Qarabağ” oyunu var. Gözləntiləriniz nədir?
- Son oyunlar “Neftçi”də vəziyyət yaxşılaşıb. Ardıcıl dörd qələbə qazanıblar və əhval-ruhiyyə düzəlib. Maraqlı oyun gözlənilir. Yenə də düşünürəm ki, “Qarabağ” bu il çempion olacaq. Baxmayaraq ki, “Neftçi” ilə çətin olacaq, ancaq sonda sevinən tərəf “Qarabağ” olacaq.
- 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bir neçə üzvü Çexiyada qaldıqları otaqda siqaret çəkib. Siz də vaxtı ilə futbolçu olmusuz, özü də legioner karyerası yaşamısız. Buna münasibətiniz nədir, futbolçulara hansı cəzalar verilməlidir?
- Bu haqda çox şey demək olar. Mənə elə gəlir ki, ümumiyyətlə, 19 yaşlı övladlarımız siqaret çəkməməlidir. Peşəkar olan, milli komandada çıxış edən, klubla müqaviləsi olan futbolçulara bunu yaraşdırmadım. Mən də 19 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisi olmuşam. Bizim komandada da bəzi nüanslar olub. Mən onları yazılı surətdə rəhbərliyə və məşqçilər komitəsinə təqdim etmişdim. Ancaq təəssüflər olsun ki, bunu həyata keçirmədilər. Cavan oyunçuların belə etmələri, milli komandanın yox, klubun işidir. Mən işləyən zaman bəziləri məqsədyönlü idilər, bəzilərinin də səviyyələri aşağı idi. Bunlar həyatda olan şeylərdir.
- Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə oyunlarından nə gözləyirsiz?
- Bizim futbolçular qarşılarına məqsəd qoyub, bacardıqlarını meydanda etsələr, Uelsdən xal götürə biləcəyik. Yox, çıxıb öz bacarıqlarını yüzdə yüz meydana qoymayacaqlarsa, hər iki oyunda uduzacağıq. Belə götürəndə, biz seçmə mərhələdə sonuncu yerdəyik. Macarıstanla oyunda bir xalımızı da aldılar. Bu, heç bir çərçivəyə sığımır. Həmişə hər şey bizim başımızda partlayır. Bir xal heç nəyi dəyişməyəcəkdi, yenə də sonuncu olacaqdıq. Ancaq burda bir məqam vardı ki, gənc futbolçu Bəhlul Mustafazadə yığmada qol hesabını açacaqdı. Bu, onun üçün çox böyük təkan olardı. Təəssüf ki, bizim gənc futbolçunun qolunu saymadılar. Slovakiya ilə səfərdə çətin oyun gözləyir. Uelslə öz meydanımızda oynacayğıq, azarkeşlərin dəstəyi ilə nəsə etmək olar. Amma Slovakiya ilə oyun çətin olacaq.
- Slovakiya ilə Bakıdakı oyunda Azərbaycan millisi böyükhesablı məğlubiyyət almışdı. Səfərdə də belə nəticə gözlənilirmi?
- Yox, sadəcə, Bakıda Macarıstan və Slovakiya ilə oyunlarda bizim futbolçuların meydanda oynadığını yox, zəif təsir bağışladıqlarını gördüm. Ona görə də, belə hesablar qeydə alındı. Baxın, həmin Macarıstan idi ki, qol vurduq, saymadılar. Oyun oyuna bənzəmir. Bu, həm zaman, həm də futbolçuların formada olub-olmadıqları vaxtla bağlıdır. Hazırda Slovakiya və Uelsə xal lazımdır, belə götürəndə, bizə də lazımdır. Ancaq bilirəm ki, bizim üçün çox çətin olacaq.
- Vaqif Cavadov, Kamran Ağayev kimi uzun müddət Azərbaycan millisinin formasını geyinən oyunçular klubsuz qalıb. Hazırda məşqçi kimi siz də işsizsiz. Sizcə, bunun səbəbi nədir? Nə üçün sizə, Vaqifə, Kamrana futbolda yer tapılmır?
- Bunun səbəbini strukturun düzgün qurulmamağında, pərakəndə olmaqda görürəm. Niyə biz Azərbaycan futbolu deyəndə Bakı futbolundan danışmalıyıq? Azərbaycan futbolu deyəndə bölgələr yada düşməlidir. Qazaxdan tutmuş, bu tərəfə qədər. Elə klublar yaradarlar ki, gəl görəsən… Bu zaman elə rəqabət yaranar ki, hər kəsə də iş tapılar, yer olar. Sadəcə, Bakı çempionatı ediblər, ona görə də, iş yeri yoxdur, azdır. Futbolçular da çıxmır. Bəzi futbolçular var, mən U-19-da işləyən vaxt oynayırdılar. İndi onların bəziləri oynayır, qalanları ya əsgərlikdədir, ya da başqa sahələrdə çalışırlar. Niyə? Ya götürmürlər, ya da iş yoxdur. Bizim Həmkarlar İttifaqına yeni qoşulanlar arasında onlar da var.
- Bir müddət əvvəl “Sabah”da, “Qəbələ”də, “Zirə”də baş məşqçi postu boşalmışdı. Həmin dövrdə sizə təklif olmuşdu?
- Xeyr, bizə təklif olmayıb. Mənə elə gəlir ki, cənab prezident hər bir sahədə olduğu kimi Azərbaycan futbolunda da islahatlar etməlidir. Bu, vacibdir. İslahatlar olsun ki, nəsə düzəlsin.
- Ancaq və ancaq dəyişiklik olmalıdır?
- Bəli, həyatdır, həyat bunu göstərir. Məsələn, elə Kazbek Tuayevi götürək, neçə yaşı var? Noyabrın 13-də 79 yaşı olacaq. Bax, budur məsələ.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin