“Həmin vaxt anladım ki, cüdosuz yaşaya bilmərəm” – Rüstəm Orucov
Azərbaycanlı cüdoçu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuzluğu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, Orucov, olimpiadada uğursuz çıxış etməsinin səbəbləri haqda bunları deyib:
“Tokio olimpiadasından əvvəl Xorvatiyadakı təlim-məşq toplanışında iştirak etdim və əla formada idim. Bəzi idmançıların dediyi kimi, xalçada hamını “məhv ediridm”. Bəlkə də, ilk səhvim oyunlaradək imkanlarımın yüz faizinə çatmaq idi. Sonra daha bir səhv oldu. Özü də bu, daha ciddi səhv idi.
Olimpiadanın startına iki həftə qalmış ora çatdıq. Oyunlar başlamadan gərginliyə düşdüm. Günlərlə medal haqqında düşünürdüm. Bu isə nə mənim, nə də komandanın digər üzvləri üçün uğurlu oldu. Nəyisə səhv edəndə məsuliyyəti öz üzərimə götürməyə hazıram. Lakin Yaponiyada bütün komandamız uğursuz çıxış etdi.
Olimpiadadan dərhal sonra qərara gəldim ki, Yaponiyada baş verənləri bir kənara qoyaraq, cüdo haqqında düşünmədən, təkcə bədənimə deyil, beynimə dincəlmək üçün 30 gün vaxt ayırım. Bir ay ərzində karyeramla bağlı yekun qərara gəldim. Son illərin ən böyük problemi – peşəkar karyeram və ailə həyatım arasında balansı tapmaq oldu. Mən sevdiklərimi tez-tez görə bilmirəm. Onlar da məni istədikləri qədər görmürlər. Ona görə də, həyat yoldaşım və uşaqlarımın reaksiyası məni təəccübləndirdi. Mənə dedilər ki, dünya çempionluğu və ya olimpiya titulunu qazananadək təqaüdə çıxa bilməzsən (gülür). Həmin vaxt anladım ki, cüdosuz yaşaya bilmərəm”.
Bizi Facebook-da izləyin