“Həmin epizodda mənə qarşı qayda pozuntusu vardı” – Səlahət Ağayev
AÇ-2020-nin seçmə mərhələsinn 5-ci turunun oyunları çərçivəsində səfərdə Uels yığmasına 1:2 hesabı ilə məğlub olan Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev açıqlama verib.
Komanda.az xəbər verir ki, 28 yaşlı qolkiper, yaxşı oyun göstərdiklərini deyib:
“Oyuna yaxşı başlamışdıq. Çox sadə iki qol buraxdıq. Bir xal qazanmağa yaxın idik. Bunun üçün bəxtimiz gətirmədi. Uels kimi komandaya qarşı yaxşı oyun göstərdik. Burda yaxşı nəticə əldə edəcəyimizə inandırdıq, amma alınmadı”.
Ağayev, Pavel Paşayevin avtoqolla hesabı açdığı epizod haqqında da danışıb:
“Top mənə gəlirdi, Pavel isə məni eşitmədi. O, heç topu görmədi. Topu tutmaq üçün çıxırdım, ona dəyib qapıya girdi. İkinci qolda çıxmasaydım daha yaxşı olardımı? Rəqib qapıçı topa çox yaxın idi. Çıxmasam da, təhlükə olurdu. Komandaya kömək etmək üçün irəli çıxdım. Həmin epizodda mənə qarşı qayda pozuntusu vardı”.
Ağayev, sentyabrın 9-da Xorvatiya millisi ilə keçiriləcək oyunla bağlı bunları deyib:
“Müsbət nəticəyə ümid edirik. Mümkünsüz heç nə yoxdur. Yaxşı oynayıb xal qazana bilərik. Bu gün yaxşı çıxış etdik. Belə oynasaq, Xorvatiyadan xal ala bilərik”.
Bizi Facebook-da izləyin