“Hələ transferlərimiz bitməyib, yeni oyunçular gələcək” – Qriqorçuk

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 3-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın ukraynalı çalışdırıcısı 0:2 hesabı ilə məğlub olduqları oyunla bağlı bunları söyləyib:

“Bu gün məğlub olduq, istədiyimiz kimi oynamırıq. Hər şey neqativ görünür. 3 tur ərzində azarkeşlərimizə qələbə baxş edə bilməmişik. Yeni futbolçuların gəlməsi sevindiricidir. Biz bunun üzərində çox iş görürük. Hələ transferlərimiz bitməyib, yeni oyunçular gələcək. Hər futbolçunun performansını mühakimə etmək üçün ən azı 5-6 tur lazımdır. Bəzi oyunçular obyektiv səbəbdən tam hazır deyillər. Son oyunlarını may ayında keçiriblər. Yavaş-yavaş komandaya uyğunlaşmağa cəhd göstərirlər.

Mənə oyunçuların siyahısı verilir. Onlara baxıb seçimlər edirik. İstisna hal kimi Andrey Ştoqrini qeyd edərdim. Mənim əvvəlki komandamda çıxış edib. Sırf mənim təqdimatım əsasında “Neftçi”yə gəlib. Hər gələn futbolçu haqda klubun mətbuat xidmətinə verdiyim açıqlamanı indi də təsdiqləyirəm. Səmimi desəm, heç Ştoqrini də gətirmək istəməzdim. Amma artıq bu baş verib. Klubda bir sistem var, oyunçuları izləyirlər, təhlil edirlər. Məşqçi də bunun əsasında seçim edir. Sivil yoldur, buna da hörmətlə yanaşıram. Antonovu “Qəbələ”yə gətirəndə şayiələr yayılmışdı ki, mənim yaxın qohumumdur.

Qara Qarayev həm yaxşı insandır, həm yaxşı futbolçudur. Uzun illər Azərbaycan milli komandasının şərəfini qoruyub, Azərbaycanın ən böyük klublarından birində çıxış edib. Onunla səmimi söhbət etmişəm, Qaraya dəfələrlə demişəm ki, onu əsas heyət oyunçusu kimi görmürəm. Əvəzedici heyətdə olması klubla futbolçu arasında olan məsələdir. Mən bu haqda şərh verə bilmərəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button