“Hələ işin yarısını görmüşük”
Avropa çempionatının ilkin mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirən və Kosovonu məğlub edən Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov görüşlə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Oyun çətin məcrada keçdi. Matçın gedişində hesabda geri düşdük. Komandanın üzvləri çox həyəcanlı idilər, çünki bu cür yarışda ilk dəfə iştirak edirdilər. Ancaq fasiləyə qədər hesabı bərabərləşdirdik. Paltardəyişmə otağında söhbət zamanı anladılar ki, bu rəqibi yenmək olar. Bunun da nəticəsi olaraq ikinci hissədə özümüzdə güc tapdıq və qələbə qollarını vurduq. Futzal ailəsini təbrik edirəm.
Bu U-19-un Avropa çempionatında ilk qələbəsi kimi tarixə düşdü. Buna görə də sevincliyik. Ancaq hələ ki işin yarısını görmüşük. Bu qələbə mərhələ adlamaq üçün kifayət etmir. Sabah bunun davamını gətirməliyik. İnanıram ki, komanda olaraq bu şansı əldən verməyəcəyik və qələbə qazanıb həm azarkeşlərimizi sevindirəcəyik, həm də əsas mərhələyə yüksələcəyik”.
Bizi Facebook-da izləyin